Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisin deputatı Jalə Əhmədova: “Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib”

Milli Məclisin deputatı Jalə Əhmədova: “Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib”


Azərbaycan artıq uzun illərdir ki, digər sahələrdə olduğu kimi, idman sahəsində də böyük uğurlara imza atır. Azərbaycanda idmana göstərilən diqqət və qayğı, idmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir.

Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunmuş cari ilin 9 yanvar tarixli mərasimdə çıxışında da bütövlükdə ölkə miqyasında görülmüş işlərə, həmçinin idman sahəsində əldə olunmuş uğurlara yüksək qiymət verdi.
Hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il oldu. Belə ki, keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu.

Ötən illərdə digər uğurlarımızla yanaşı, idman sahəsində də əldə olunmuş böyük nailiyyətlərimiz xüsusi qeyd edilməlidir. Belə ki, idmançılarımız beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır.

İdmançılarımız Dünya, Avropa çempionatlarında da ölkəmizi ləyaqətlə təmsil edirlər. 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın komanda hesabında birinci olması da xüsusi qeyd olunmalı məsələdir. Bu, tarixi qələbə idi və bu dəfə isə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görüldülər.

Sevindirici haldır ki, bu gün Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır. Nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi gənc idmançılara ötürülür. İnanırıq ki, Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə qoruyub saxlayacaqlar.

Ölkəmizin bölgələrində keçirilmiş çoxsaylı tədbirlər gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar açacaq.

Son bir neçə il ərzində bütün ölkə üzrə müxtəlif yarışların keçirilməsi həm idman uğurlarımızı şərtləndirəcək, eyni zamanda, gənclər, yeniyetmələr, uşaqlar gənc, uşaq yaşlarından idmana cəlb ediləcək.

İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsi olmaqla yanaşı, həm də gənc nəslin tərbiyəsində mühüm rola malikdir. Azərbaycanda da bu sahə prioritetdir.

Bu gün ölkəmizdə idmanla məşğul olmaq üçün bütün imkanlar yaradılıb. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi tikilib istifadəyə verilib və bu proses davam etdirilir.

Yeni başlamış 2023-cü il də bir çox parametrlər üzrə həlledici il olacaqdır. Ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcək. İnanırıq ki, Azərbaycan Yay Olimpiya Oyunlarında öz gücünü bir daha təsdiqləyəcək.
Hazırda işğaldan azad edilmiş şəhərlərimizin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq və yeni idman obyektləri yaradılacaq. Ağdamın məşhur “İmarət” stadionunun da yeni layihəsi üzərində iş gedir. Bundan başqa, keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməlinin qoyulması da mühüm əhəmiyyət daşıyır.

Bu gün qürurla deyə bilərik ki, ötən illər ərzində Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir. Hər bir azərbaycanlı üçün qürur mənbəyi olan Tarixi Zəfərimiz isə məsuliyyətimizi daha da artırır.

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş