İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayə mənzil fonduna Sumqayıt şəhərində daha 208 tam təmirli mənzil əlavə edilib.
Newscenter.az xəbər verir ki, bu barədə Fond məlumat yayıb.
Məlumata görə, Sumqayıt şəhərinin Sülh küçəsində 2 və 3 otaqlı olmaqla 61 yeni mənzil, Bulvar küçəsində isə 2, 3 və 4 otaqlı olmaqla 147 mənzil çıxarılıb.
Yeni mənzillər yanvarın 18-dən seçim üçün açıq olacaq.
Mənzillərin aylıq ödənişləri 376 manatdan başlayır.
Yeni mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən seçim üçün yanvarın 18-dən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Şəffaflığın və operativliyin təmin olunması məqsədilə müraciətlərin qəbulu tam elektronlaşdırılıb. Sənədlər Fonda təqdim edildikdən sonra təcrübədə ən qısa vaxtda, 3 iş günü ərzində müraciətə baxılması, müvafiq qərarın qəbul edilməsi, kirayə müqaviləsinin rəsmiləşdirilməsi və mənzilin vətəndaşa təhvil verilməsi prosesi tamamlanır.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 2 970 vətəndaşla kirayə müqaviləsi bağlanıb.
Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), “1549” Çağrı Mərkəzinə zəng etməklə, elektron sistemdən istifadəyə dair məlumatı isə EİKZS-də yerləşdirilmiş təlimatdan əldə etmək mümkündür.
Sevinc