Beynəlxalq Qarabağ Forumu Koordinasiya Şurasının 2023-cü ildəki ilk toplantısında təşkilatın ay ərzində gördüyü işlər müzakirə edilib. İclasın moderatoru Şamil Mehdi, Türkiyədən Ziya Zakir Acar, Sözer Akyıldırım və Gürsoy Solmaz, Moskvadan Elşən İbrahimov, Almaniyadan Kənan Rüstəmov, forumun koordinatoru Akif Nağı ay ərzində görülən işlər barədə danışmaqla yanaşı beynəlxalq siyasi vəziyyət, Ermənistanın regionda ekoloji çirklənməni artırması, Rusiya-Ukrayna müharibəsinin mümkün nəticələri, İranda etirazlarla bağlı vəziyyət barədə fikir və proqnozlarını bildiriblər.
Newscenter.az-a Forumun mətbuat xidmətindən bildirilib ki, toplantıda azərbaycanlı ekoloqların Qarabağda faydalı qazıntı yataqlarının ermənilər və onların xarici partnyorları tərəfindən qanunsuz istismarı və təbiətə vurulan ziyanla bağlı Laçin dəhlizinin Şuşa şəhəri yaxınlığında bir aydan çoxdur davam edən etiraz aksiyası geniş müzakirə olundu. Türkiyədən Ziya Zakir Acar Ermənistandakı Metsamor atom elektrik stansiyasının region ölkələrində, o cümlədən Türkiyənin İğdır vilayətində ekologiyaya ciddi zərər vurması, bu səbəbdən əhali arasında müxtəlif xəstəliklərin yayılması barədə həyəcan siqnalı verdi.
Müzakirədə iştirak edənlər bildirdilər ki, bu stansiya 50 ildən çoxdur ki, işləyir və istismar müddətini çoxdan başa vurub. Hətta avropalı ekspertlər də stansiyanın ciddi təhlükə mənbəyi olduğunu dəfələrlə qeyd ediblər. Lakin Ermənistan apardığı təcavüzkar siyasətinə görə mühüm enerji layihələrindən kənarda qaldığından ümidini bu köhnə konstruksiyalı qurğuya bağlayıb. Toplantı iştirakçıları qərara aldılar ki, həm Azərbaycan təbiətinə vurulan zərərlərə, həm də “Metsamor” təhlükəsinə qarşı materialların toplanması, beynəlxalq birliyə çatdırılması ilə bağlı birgə tədbirlər hazırlayıb həyata keçirsinlər. Z. Acarın təklifi ilə bu ilin mayında İğdırda keçiriləcək “Qarabağ: dünən, bugün və sabah” elmi konfransının iştirakçıları ilə birlikdə həmin ərəfədə Metsamor AES-in təbiətə və insanlara vurduğu zərərlərin ictimailəşdirilməsi, beynəlxalq aləmə bu haqda bilgilər çatdırılması üçün mitinq təşkil olunsun. İsveçdən Kənan Rüstəmov Avropada bu istiqamətdə ciddi addımlar atacaqları barədə məlumat verdi. Təkliflər birmənalı olaraq qəbul edildi və birgə fəaliyyət mexanizmi haqda qərarlar qəbul edildi.
Mehman