Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün bədən tərbiyəsi və idmanın inkişafı bütün ölkə ərazisini əhatə edir

Bu gün bədən tərbiyəsi və idmanın inkişafı bütün ölkə ərazisini əhatə edir


Azərbaycan xalqının təkidilə yenidən ölkə rəhbərliyinə gətirilən Ulu Öndər Heydər Əliyev qısa zaman ərzində idmanın inkişaf strategiyasını müəyyənləşdirdi. Bu istiqamətdə Azərbaycanda kompleks tədbirlər həyata keçirildi və qısa müddətdə böyük uğurların əsası qoyuldu. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyevin qayğısı sayəsində ölkəmizdə idmanın kütləviliyi təmin olundu. Bu gün bədən tərbiyəsi və idmanın inkişafı bütün ölkə ərazisini əhatə edir. Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra olimpia hərəkatı ölkəmizdə geniş vüsət aldı. Tərəddüt etmədən demək olar ki, bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə, dünyanın aparıcı ölkələrindən biri hesab olunur. İdmançılarımız istər yerli, istər regional, istərsə də beynəlxalq yarışlarda böyk nailiyyətlərə imza atır, ölkəmizi ləyaqətlə təmsil edərək üçrəngli bayrağımızı ucaldırlar.

Artıq Azərbaycan beynəlxalq idman yarışlarını etibarlı şəkildə təşkil edən ölkə statusu qazanıb. Formula-1 yarışları, I Avropa və lV İslam Həmrəyliyi oyunları, 17 yaşadək qızlar arasında futbol üzrə Avropa çempionatının final mərhələsi, həmçinin futbol üzrə Avropa çempionatının 3 qrup oyunu və dörddə bir final mərhələsi ölkəmizdə möhtəşəm səviyyədə təşkil edildi. Beynəlxalq ictimaiyyət və aparıcı idman təşkilatları Azərbaycanı yarışlara təşkilatçılığını yüksək qiymətləndirirlər. Bütün bunların təməlində dövlətimizin başçısı Cənab İlham Əliyevin düşünülmüş uğurlu idman siyasəti dayanır. Beynəlxalq yarışlarda layiqli yer tutan idmançılarımız hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar. Bu il yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirildi. Tədbirdə iştirak edən dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev ölkəmizdə idmanın inkişafında xidmətləri olan idmançıları və idman mütəxəssislərini mükafatlandırdı. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Əvvəlki illərdə olduğu kimi, 2022-ci il də ölkəmizin idman həyatında uğurlu il oldu. İl ərzində idmançılarımız Avropa və dünya çempionatlarında, kubok yarışlarında və digər rəsmi beynəlxalq turnirlərdə ümumilikdə 837 medal qazandılar. Onlardan da 356-sı Olimpiya, 384-ü qeyri-Olimpiya, 97-si isə paralimpiya proqramına aidir. Bu, kifayət qədər böyük nailiyyətdir və onu göstərir ki, ölkəmizin idman siyasəti uğurlu nəticələrini verməkdədir.

Cənab Prezidentin də qeyd etdiyi kimi, ölkəmizdə idmanın təbliği, bu sahəyə olan maraq ildən-ilə yüksəlir. Gənclərin sağlam şəraitdə böyüməsi, pis vərdişlərdən uzaq olması, ölkədə bədən tərbiyəsinin hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür. Hazırda elə bir bölgəmiz yoxdur ki, orada olimpiya idman kompleksi olmasın. İşğaldan azad edilmiş Şərqi Zəngəzurda və Qarabağda da idman qurğularının yaradılması nəzərdə tutulub. İnanırıq ki, sakinlər öz doğma yurdlarına qayıtdıqdan sonra həmin bölgəmizdə də idmanın inkişafı təmin ediləcək, orada beynəlxalq yarışlar keçiriləcək. Bu da idmanla yanaşı, ölkə turizminin uğurlu gələcəyinə, mədəniyyətimizin təbliğinə və inkişafına mühüm töhfələr verəcək.

Cəbi Quliyev
Milli Məclisin deputatı
Xəbəri paylaş