Xəbər verdiyimiz kimi, Azərbaycan Republikasının Prezidenti İlham Əliyev tərəfindən sosial müavinətlərin və şəhid ailələri üçün təyin olunan Prezident təqaüdünün artırılması ilə bağlı sərəncam imzalanıb. Eləcə də dövlət başçısının digər sərəncamları ilə tələbələrin təqaüdləri, yeni doğulan uşağa görə verilən müavinət artırılıb. Eyni zamanda müəyən qurumlarda çalışanların əmək haqları da 15% artırılıb.
Newscenter.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, bu gün cənab Prezident tərəfindən imzalanan sərəncamlar insanlarımızın sosial rifahının yaxşılaşdırılmasına istiqamətlənib:
"Bu gün əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bilirsiniz ki, bir neçə gün öncə cənab Prezidentin müvafiq sərəncamları ilə minumum əmək haqqı 345 manat, pensiya isə 280 manata qaldırıldı. Bu gün imzalanan sərəncamlar vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımların davamıdır. Ölkəmizin sosial-iqtisadi inkişafı, əhalinin sosial rifahının yüksəldilməsi cənab Prezident İlham Əliyevin hər zaman diqqət mərkəzindədir. Davamlı olaraq dövlətimiz tərəfindən həyata keçirilən kompleks tədbirlər və atılan addımlar sayəsində ölkəmizdə vətəndaşların layiqli həyat şəraiti təmin edilir. Ümumilikdə, ölkəmizdə minimum əməkhaqqı 27,8 dəfə və əmək pensiyasının minimum məbləği 10,0 dəfə yüksəlib. Dövlət tərəfindən atılan addımlar bir daha göstərir ki, əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir".
Deputat vurğulayıb ki, dövlət siyasətinin əsas istiqamətlərindən biri də şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsidir:
"Bu gün dövlət başçısının imzaladığı sərəncamlarla şəhid ailələrinə və müharibə əlillərinə verilən təaqüdlər də artırıldı. Son 4 ildə şəhid ailələrininə və müharibə əlillərinə verilən müavinət 2,5 dəfə artıb. Cənab Prezidentin bu gün imzaladığı sərəncamlar ölkəmizdə şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin təmin edilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması və problemlərinin həlli istiqamətində atılan addımların davamıdır.
Bundan əlavə, bu il şəhid ailəsi və müharibə əlillərinə azı 1500 mənzilin veriləcəyi gözlənilir. Bilirsiniz ki, dövlət başçısının imzaladığı müvafiq sərəncam ilə 2021-2025-ci illər ərzində şəhid ailələri, müharibə əlilləri və digər həssas qrupa aid olan insanların mənzillə tam təminatının həyata keçirilməsi üçün dövlət proqramı təsdiqlənib. Ötən il bu kateqoriyadan olan ailələrə 1500 mənzil verilib. Şəhid ailələri və müharibə əlilərinin sosial durumunun və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı addımlar atılmaqdadır. Əminəm ki, bundan sonrakı dövrlərdə də dövlət tərəfindən bu kimi tədbirlər görüləcək".
İqbal Məmmədov söyləyib ki, ümumi əlilliyə və yaşa görə müavinət alan şəxslərin müavinətləri ilə 3 dəfə artıb:
"Bu gün cənab Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla yeni doğulan uşağa görə verilən müavinət 4,6 faiz artırılaraq 500 manata çatdırılıb. 1941-1945-ci ildə baş verən Böyük Vətən müharibəsi iştirakçılarına verilən müavinətlər 2,7 dəfə artırılıb. Dövlət başçısının bu gün imzalanmış sərəncamları 660 min nəfəri əhatə edir. Son bir neçə gündə cənab Prezidentin imzaladığı sərancamların əsas məqsədi əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsidir".