Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində ölkəmizin siyasi, iqtisadi, diplomatik sahədə əldə etdiyi uğurlar, növbəti hədəflər barədə ətraflı məlumat verdi. Vətən müharibəsindən sonra əsas hədəf qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi ki, artıq buna nail olunub. Bütün dünya müharibənin nəticələrini, Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edir. Müharibədən keçən iki il ərzində də Azərbaycan həm beynəlxalq əlaqələr müstəvisində, həm də ölkə daxilində uğurlu siyasət həyata keçirib. Prezident İlham Əliyevin müsahibəsində regionda baş verən proseslər, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində sülh prosesinin hazırkı vəziyyəti, bu yöndə qarşıda dayanan vəzifələrlə bağlı fikirləri deməyə əsas verir ki, Azərbaycanın yaxın gələcəklə bağlı çox aydın strategiyası var.
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Cəbi Quliyev AZƏRTAC-a açıqlamasında deyib.
Onun sözlərinə görə, heç kəsə sirr deyil ki, sülh müqaviləsinin imzalanmaması Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədardır. Sülhyaratma prosesində vasitəçilik edən Avropa İttifaqının moderatorluğu ilə baş tutan danışıqların nəticə verməməsinin əsas səbəbi Ermənistanın mövqesizliyi və qətiyyətsizliyidir. Ermənistan üçtərəfli Bəyanata və bu Bəyanatla üzərinə götürdüyü öhdəliklərə riayət etmir. Azərbaycan torpaqlarında hələ də qanunsuz erməni silahlı birləşmələri mövcuddur. Eyni zamanda, həmin silahlı birləşmələr vaxtaşırı müəyyən təxribatlar törədir və sülh prosesinin yekunlaşmasına mane olur. Bu qeyri-müəyyənlik isə bütövlükdə prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir. Təbii ki, indiki şəraitdə sülh müqaviləsi daha çox Ermənistana lazımdır. Sülh müqaviləsi yoxdursa, deməli sərhəd də yoxdur. Bu isə o deməkdir ki, heç kəs Azərbaycanı olmayan sərhədi pozmaqda ittiham edə bilməz. İrəvanın Qarabağı yenidən danışıqların müzakirə predmetinə çevirməyə çalışması Azərbaycan üçün qəbulolunmazdır.
Cəbi Quliyev diqqətə çatdırıb ki, Azərbaycan işğaldan azad olunmuş bütün ərazilərdə vəziyyətə tam nəzarət edir, Qarabağ ermənilərinin yaşadığı ərazilərdəki proseslər isə daim diqqət mərkəzində saxlanılır. Yaxın gələcəkdə Qarabağda ədalət tam təmin olunacaq. Nə Ermənistan, nə onun havadarları, nə də hər hansı üçüncü bir qüvvə bu vəziyyəti dəyişə bilməz. Prezident İlham Əliyev müsahibəsində bildirib ki, son bir il ərzində - mart ayından bəri biz 3 dəfə göstərdik ki, heç kim bizim qabağımızda dura bilməz, istədiyimizə nail oluruq və hər hansı bir erməni havadarı onların yardımına yetişməyəcək.
“Həm Azərbaycan-Ermənistan sərhədi istiqamətində, eyni zamanda, Qarabağ istiqamətində nəzarətdə olan yüksəkliklər bizə çox böyük strateji üstünlük təmin edir. Çünki artıq vizual müşahidə bizə imkan verir ki, istənilən təhlükəni bəri başdan görək və onun qarşısını alaq. Hesab edirəm ki, artıq 3 dəfə belə hərbi və siyasi uğursuzluğa düçar olmuş Ermənistan anlayacaq ki, sülh müqaviləsi qaçılmazdır. Onlar bunu nə qədər tez anlasalar və nə qədər tez özlərində güc tapıb, iradə tapıb buna razılıq versələr, o qədər də bölgə üçün yaxşı olacaq”, - deyən Prezident İlham Əliyev Ermənistana açıq xəbərdarlıq etdi. Azərbaycan hər zaman sülhün tərəfdarı olduğunu nümayiş etdirir. Ölkəmiz qalib tərəf olsa da, humanizm prinsiplərinə əsaslanaraq, müharibə tərəfdarı olmadığını bəyan edir. Dövlətimizin başçısının vurğuladığı kimi, bizim üçüncü müharibəni başlamaq fikrimiz yoxdur.
Azərbaycan Prezidenti geniş müsahibəsində ölkəmizin həyata keçirdiyi sosial-iqtisadi siyasətin əhəmiyyəti, eləcə də uğurlu enerji siyasəti, Avropa İttifaqı ilə bu yöndə əməkdaşlıq və sair məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb. Bütövlükdə, müsahibə Azərbaycan ictimaiyyətində dövlətimizin bugünkü qüdrəti və gələcək hədəfləri barədə aydın təsəvvür yaradır”, - deyə deputat vurğulayıb.