Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident vacib bir təşəbbüslə çıxış edib

Prezident vacib bir təşəbbüslə çıxış edib


İqtisadiyyatı olan dövlətlər beynəlxalq idman aləmində də ləyaqətlə təmsil olunurlar. Çoxsaylı medallar qazanır, təmsil etdikləri dövlətlərin bayraqlarını şərəflə ucaldırlar. Azərbaycan məhz belə dövlətlərdəndir. Məsələyə bu xüsusda yanaşdıqda dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin yanvarın 9-da ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışında səsləndirdiyi fikirləri bir tələb kimi qəbul etmək olar. Prezident bu çıxışında Azərbaycan idmanının uğurlarını şərtləndirən əsas amilləri göstərib, bu istiqamətdə dövlət siyasətinin xüsusi rolunu qeyd edib, əldə olunan nəticələrin mühüm statistik göstəricilərini sadalayıb, ölkəmizdə idmanın bundan sonrakı inkişafı yolunda atılması vacib olan yeni addımları xarakterizə edib. Həmçinin azad edilmiş ərazilərimizin artıq beynəlxalq idman yarışlarına ev sahibliyi etdiyini vurğulayıb, bərpa və quruculuq meydanına çevrilmiş şəhərlərimizin hər birində idman qurğularının yaradılacağının anonsunu verib və nəhayət hər birimizin məşğul olduğu sahədə, xüsusilə də idman sahəsində müqəddəs Zəfərə layiq olmağımızın əhəmiyyətini qeyd edib.

Newscenter.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov söyləyib.

Azərbaycan gəncinin müqəddəs bayrağımızı həm idman arenalarında, həm də döyüş meydanlarında ucaltdığını deyən deputat dövlətimizin başçısının sözügedən mərasimdə səsləndirdiyi mühüm tezisləri nəzəri və empirik yanaşmalar əsasında ardıcıl olaraq təhlil edib:

Birincisi, Prezident İlham Əliyev vurğuladı ki, hər il olduğu kimi, ötən il də Azərbaycan idmanı üçün uğurlu olub. Bəs bu uğurun səbəbi nədir? Səbəb sadədir. Bütövlükdə ölkəmiz ötən il də qarşısına qoyduğu bütün hədəflərə çatıb. İdman da ictimai həyatımızın mühüm bir tərkib hissəsidir və ümumi inkişaf tendensiyası çərçivəsində onun da tərəqqisi baş verib. Başqa sözlə, əgər ölkədə bütün sahələr dinamik inkişaf tempinə malikdirsə, necə ola bilər ki, idman bu reallığa adekvat olmasın. Bu, mümkün deyil. Deməli, Azərbaycan idmanının bugünkü nailiyyətləri və sabahkı daha böyük uğurlarının kökündə dayanan fundamental səbəb dövlətimizin ümumi yüksək inkişaf tempi ilə birbaşa bağlıdır.

İkincisi, son illərdə idman sahəsində ölkəmizin qazandığı möhtəşəm uğurların göstəricisi ilk növbədə, medalların kəmiyyət və keyfiyyət göstəriciləridir. İdmançılarımız beynəlxalq yarışlarda 800-dən çox medal qazanıblar ki, onlardan da 300-ə yaxını qızıl medallardır. Bu, o deməkdir ki, idmançılarımız ən yüksək nəticələr göstərməklə Azərbaycan bayrağının təxminən 300 dəfə qaldırılmasını və himnimizin səslənməsini təmin ediblər. Bu, böyük nailiyyətdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “çünki dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil”.
Müqayisə üçün onu da qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları birinci yerə layiq görülüblər. Ötən il Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında isə 56 ölkə arasında 99 medal qazanaraq 4-cü yerin sahibi olublar. Bu mühüm beynəlxalq idman yarışlarında əldə edilən nəticələr Azərbaycan idmanının yüksək səviyyəsinin göstəricisi kimi qiymətləndirilə bilər.

Üçüncüsü, Azərbaycan idmanının ardıcıl olaraq inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı bu xüsusda olduqca önəmli daha bir tezisini irəli sürdü: nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır. Bu fikrin sübutu kimi Bakıda və Konyada keçirilən İslam Həmrəyliyi Oyunlarında iştirak edən idmançılarımızın tərkibinə baxmaq kifayətdir. Tərkib kifayət qədər ciddi dəyişikliyə məruz qalmışdır. Yeni idmançılar nəsli öz sələflərinin uğurlarını qoruyub saxlamış və daha da inkişaf etdirməyə nail ola bilmişlər. Bu məsələnin çox böyük mənası vardır. Bu tendensiya ona dəlalət edir ki, gələcəkdə də Azərbaycan idmançıları ölkəmizin bayrağını eyni şövqlə və qürur hissi ilə zirvədə dalğalandıracaqlar. Azərbaycan idmanının bu günü kimi, gələcəyi də parlaq olacaqdır.

Dördüncüsü, “idmana böyük dövlət qayğısı göstərilir”, - deyən Prezident İlham Əliyev bu xüsusda növbəti vacib bir məsələyə toxunub. Artıq bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılıb və bu proses davam etdirilir. İdman sahəsində inkişaf etmiş infrastruktura malik Bakı şəhəri isə ən mötəbər idman yarışlarına ev sahibliyi edib və bu istiqamətdə növbəti mühüm addımların atılacağı labüd prosesdir. Eyni zamanda, ölkəmizin idman ictimaiyyəti Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindədir. Bu baxımdan 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır.

Prezident sadalanan reallıqlar kontekstində vacib bir təşəbbüslə çıxış edib. Bu təşəbbüs idmanın kütləviliyinin təminatı məqsədinə xidmət göstərir və insanların sağlamlığının qorunması baxımından əvəzsiz rol oynaya bilər: Söhbət ilk növbədə bölgələrdə idmanın təbliği işinin gücləndirilməsi sahəsində yeni yanaşmaların ortaya qoyulmasını özündə ehtiva edir. Bu baxımdan son vaxtlar Bakı şəhərinin parklarında açıq havada idmanla məşğul olanlar üçün şəraitin yaradılması və trenajorların quraşdırılması bölgələrimizdə də analoji addımların atılmasının zəruriliyini diktə edir. Nəticədə ölkəmizdə idmanın kütləviləşməsi imkanları daha da genişlənmiş ola bilər.

Beşincisi, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev qeyd olunan mərasimdə çıxışında toxunduğu məsələlər sırasında daha birinin əhəmiyyəti idmanın müəyyən etdiyi çərçivələri aşır və böyük siyasi əhəmiyyət kəsb edir. Bu, işğaldan azad olunmuş ərazilərimizdə beynəlxalq idman yarışlarının keçirilməsi və gələcəkdə bu torpaqlarda mühüm idman obyektlərinin inşası ilə bağlıdır. Məsələyə bu prizmadan yanaşdıqda Prezidentin səsləndirdiyi fikirlərin uzağa gedən nəticələrinin yaxın zamanlarda real həyatda tam təsdiqini tapacağı labüddür, çünki dövlətimizin başçısının sözü imzası qədər təsirə malikdir. Qeyd olunduğu kimi, artıq azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışı keçirilib. Şuşada beynəlxalq şahmat, Suqovuşanda, Suqovuşan gölündə beynəlxalq avarçəkmə və Zəngilanın Ağalı kəndinin ətrafında isə triatlon üzrə yarışlar keçirilib. Belə idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası vardır. Bütün dünya ictimaiyyəti bir daha əmin olur ki, bu torpaqların sahibləri tarixi ədaləti bərpa ediblər və belə yarışlar keçirməklə regiona davamlı və uzunmüddətli sülh və əmin-amanlıq gətirmək niyyətlərini ortaya qoyurlar.

Bu prosesin böyük perspektivləri vardır. Azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Bütün şəhərlərin Baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işlərinin Baş planlar əsasında aparılması və idman obyektlərinin yaradılması nəzərdə tutulur. Artıq Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi işlənilir. Stadion yenidən qurulacaq, eyni zamanda, onun yanında böyük Olimpiya İdman Kompleksi yaradılacaqdır. Keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyulub. Atılan addımlar bir daha sübut edir ki, 30 il ərzində erməni işğalı altında qalan torpaqlarımızın bərpası və yenidənqurulması prosesi olduqca geniş və hərtərəfli məzmun kəsb edir, o cümlədən müasir idman infrastrukturunun yaradılmasına xidmət edir. Nəticədə Qarabağ və Şərqi Zəngəzurun tarixi idman ənənələri nəinki bərpa ediləcək, eyni zamanda, bu unikal diyarın ölkəmizin idman mərkəzlərindən birinə çevrilməsi təmin ediləcəkdir. Bu reallıqlar fonunda, bizim hər birimizin üzərinə düşən ali bir vəzifə vardır. Bu vəzifənin mahiyyətini də Prezident açıqladı: “Bizim hər birimiz də öz sahəmizdə, öz fəaliyyətimizdə bu müqəddəs Zəfərə layiq olmalıyıq”. Bu, zamanın çağırışıdır.
Xəbəri paylaş