Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev Tbilisidəki “Beynəlxalq Maarif Məktəbi”nə baş çəkib.
Newscenter.az səfirliyə istinadən xəbər verir ki, görüşün əvvəlində F.Quliyevi salamlayan məktəbin direktoru Ali Sedat Aslan, qardaş Azərbaycan Respublikasının Səfirinin məktəbi ziyarət etməsindən böyük məmnunluğunu ifadə edib, Səfirliklə “Beynəlxalq Maarif Məktəbi” arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün güclü zəmin yaradacağını bildirib.
Səfir “İki dövlət, bir millət” devizi altında bütün dünyada olduğu kimi, Gürcüstanda da qardaş Türkiyənin diplomatik nümayəndəliyi ilə sıx münasibətlərinin olduğunu bildirmiş, Türkiyə Səfirliyinin təhsil müşaviri Suat Kolukırıkın da görüşdə iştirak etməsinin bu sahədə əməkdaşlıq əlaqələrimizin daha da inkişaf etməsinə təkan verəcəyini vurğulayıb.
Daha sonra rəhbəri olduğu təhsil ocağı barədə məlumat verən S.A.Aslan, “Beynəlxalq Maarif Məktəbi”nin 2019-cu ilin dekabr ayının 24-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlunun iştirakı ilə açılışının edildiyini və hazırda məktəbdə 300-dən çox şagirdin təhsil aldığını qeyd etmişdir. O, məktəbdə 100-dən artıq azərbaycanlının təhsil aldığını və əsasən Marneuli, Qardabani və Rustavi şəhərlərindən olduqları barədə məlumat vermişdir. Ələvə olaraq, S.A.Aslan Gürcüstandakı “Beynəlxalq Maarif Məktəbi”nin məzunlarının ödənişsiz şəkildə Türkiyənin nüfuzlu universitetlərində təhsil ala biləcəklərini bildirib.
Səfir F.Quliyev “Beynəlxalq Maarif Məktəbi”ndə təhsil alanlar arasında azərbaycanlıların üstünlük təşkil etməsindən məmnun olduğunu qeyd edib.
Görüş çərçivəsində səfir təhsil sistemi və tədris prossesi ilə tanış olmuş, həmçinin pedaqoji heyət ilə bir sıra aktual məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Eyni zamanda, görüşdə cari il ərzində Səfirlik ilə “Beynəlxalq Maarif Məktəbi” arasında mümkün birgə tədbirlərin keçirilməsi məsələsi də müzakirə edilib.
Mehman