Dövlət Neft Şirkətində (SOCAR) qurumun I vitse-prezidenti, görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 93 yaşının tamam olması münasibəti ilə tədbir keçirilib.
Newscenter.az bu barədə SOCAR-a istinadən xəbər verir.
Məlumata görə, tədbirdə çıxış edən İqtisadiyyat naziri, şirkətin Müşahidə Şurasının sədri Mikayıl Cabbarov X.Yusifzadəni təbrik edib, Azərbaycanın iqtisadi tərəqqisində neft-qaz sənayesinin və neftçilərin rolunu diqqətə çatdırıb. Müstəqil Azərbaycanın yeni neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsində görkəmli alimin əməyinə böyük rəğbət göstərildiyini qeyd edən nazir akademikin ölkəmizdə neft-qaz sənayesinin və elminin inkişafında əvəzsiz xidmətlərini Ümummilli Lider Heydər Əliyevin daim yüksək qiymətləndirdiyini, bu gün də ölkə rəhbərliyinin görkəmli neftçi-alimin uzunmüddətli səmərəli fəaliyyətinə böyük diqqət göstərdiyini vurğulayıb.
SOCAR-ın prezidenti Rövşən Nəcəf X.Yusifzadənin əmək fəaliyyətinin Azərbaycan neftçiləri üçün nümunə olduğunu bildirib, görkəmli neftçi-alimin dərin elmi biliyi və zəngin təcrübəsinin bundan sonra da ölkəmizdə neft-qaz sənayesinin və bu sahədə insan kapitalının inkişafına töhfə verəcəyini qeyd edib. O, ötən il dekabrın 7-də dövlət başçısının təşəbbüsü ilə “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsinin onun görkəmli alimə göstərdiyi diqqətin növbəti təzahürü olduğunu ifadə edib.
Tədbirdə çıxış edən Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru professor Elçin İsgəndərzadə dünya elminin inkişafına verdiyi töhfələrə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının X.Yusifzadəni “Türk Dünyasında İlin Adamı” mükafatı və “Avropa Korifey” ordeni ilə təltif etdiyini bildirib, mükafat və ordeni ona təqdim edib.
Sonda çıxış edən X.Yüsifzadə doğum günü münasibətilə təşkil olunan tədbir və səmimi təbriklərə görə başda M.Cabbarov olmaqla, bütün kollektivə öz dərin minnətdarlığını bildirib. O, Ulu Öndər Heydər Əliyev, Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ona göstərdiyi yüksək etimadı, xüsusi diqqət və qayğını hər zaman hiss etdiyini vurğulayıb.
Mehman