Azərbaycan 44 günlük müharibədə qazandığı parlaq Qələbəsini təkcə siyasi-diplomatik müstəvidə həmlələri ilə deyil, həmçinin xarici iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində atdığı davamlı addımları ilə də möhkəmləndirir. Biz bunun əyani nümunəsini Prezident İlham Əliyevin son günlərdə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində iştirak etməsi və dünyanın mötəbər biznes mərkəzi sayılan Davosda keçirilən beynəlxalq İqtisadi Foruma qatılmasının timsalında görürük.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O bildirib ki, özünü Qərbyönümlü hesab edən Ermənistanın baş naziri Nikol Paşinyan sözügedən dünya miqyaslı tədbirlərin heç birində gözə dəyməməsi maraqlıdır:
"Bu həm də ondan irəli gəlir ki, Ermənistan iqtisadi inkişaf baxımından, sərmayə qoyuluşu baxımından heç kimi maraqlandırmır. Çünki perspektivli ölkələrin sırasında yer almır. Bu baxımdan, Paşinyanın dünyanın biznes nəhənglərinə təqdim edə biləcəyi ciddi heçnə yoxdur. Azərbaycan isə yaranmış bütün fürsətlərdən maksimum dərəcədə faydalanmağa çalışır. Ölkə rəhbəri bir tərəfdən müsəlman ölkələrinin böyük maliyyə resurslarının Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərinin bərpası prosesinə cəlb edilməsi üçün mühüm addımlar atır, digər tərəfdən isə Qərb dünyası ilə, o cümlədən Avropa İttifaqı ilə iqtisadi inteqrasiyanın genişləndirilməsini prioritet istiqamət kimi diqqətdə saxlayır. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun, eləcə də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu daha da artırır".
Partiya sədrinin sözlərinə görə, prezident İlham Əliyevin Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına verdiyi müsahibəsindən məlum oldu ki, Azərbaycan Çin ilə də iqtisadi əməkdaşlıq əlaqələrini durmadan artırmaq xəttini yürüdür6
"Belə ki, Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir, habelə enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də Çin ilə əməkdaşlığı dərinləşdirməyə hədəflənib.
Davos İqtisadi Forumu da əvvəlki kimi Azərbaycan üçün öz əhəmiyyətliliyini qoruyub saxlayır. Dövlət başçımız bu Forumun illlik toplantılarında daimi olaraq iştirak edir, foruma qatılan digər ölkələrin liderləri və transmilli şirkətlərin rəhbərləri ilə silsilə görüşlər keçirir, ölkəmizdə həyata keçirilən iri layihələrə xarici investisiyaların cəlb edilməsi, habelə yeni əməkdaşlıq imkanlarının birlikdə nəzərdən keçirilməsi üçün səy göstərir. Davos İqtisadi Forumu ölkəmizin iqtisadi imkanlarını nümayiş etdirməklə bərabər, həmçinin Azərbaycanı tanıtmaq baxımından da olduqca əlverişli platformadır".
Əlisahib Hüseynov deyib ki, postsovet ölkələrinin bir çoxunun liderləri bu imkandan məhrumdur:
"Bunun da ən müxtəlif obyektiv-subyektiv səbəbləri var. Paşinyanın sözügedən foruma hansı səbəblərdən qatılmadığını yuxarıda qeyd etdik. Vladimir Putin isə Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasətinə görə Davos Zirvəsinə qatılmaq imkanlarını itirib. Belarus lideri də Davos Forumu üçün “persona non-qrata” sayılır. Azərbaycan isə bu forum üçün öz əhəmiyyətliliyini qoruyub saxlamağı bacarıb. Davos Forumu Azərbaycanın müsbət imicinin göstəricisidir".
Anar