33 il bundan əvvəl Azərbaycan xalqına qarşı törədilmiş 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil, həm də ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir.
O zaman törədilmiş 20 Yanvar hadisələri nəticəsində sovet imperiyası Azərbaycanda özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr dünya azərbaycanlılarının təşkilatlanmasına səbəb oldu və həmvətənlərimiz ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.
Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına da mühüm təsir göstərdi. Bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilərək dönməz xarakter aldı və xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görməyə başladı. Xalqın Sov.İKP-yə və mövcud rejimə qarşı nifrəti son həddə çatdı və Sov.İKP üzvləri kütləvi şəkildə partiya biletlərini ataraq onun sıralarını tərk etdilər.
Təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin “20 Yanvar” əməlinə etiraz edən və Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verən Ümummilli Lider Heydər Əliyev oldu. O, Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, 1990-cı il yanvarın 21-də həyatını təhlükə qarşısında qoyaraq, Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi və bu qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Heydər Əliyev cəsarətli bəyanatla çıxış edərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.
Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü il mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider dövrün mürəkkəbliyinə baxmayaraq, 20 Yanvar faciəsinin başvermə səbəblərinin və günahkarlarının araşdırılmasına və həqiqətlərin üzə çıxarılmasına nail oldu. Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi.
Bu gün Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət göstərir. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində ölkəmizdə 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşdırılıb. Dövlət Başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Şəhidlər Xiyabanı ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılıb.
Azərbaycan xalqı bu mübariz oğul və qızlarının əziz xatirəsini həmişə uca tutur və hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur.
Jalə Əhmədova-Milli Məclisin deputatı