Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov şəhid ailələrinə müraciət edib.
Newscenter.az şirkətə istinadən həmin müraciəti təqdim edir:
Əziz şəhid ailələri, analar, atalar!
Hər dəfə daha bir şəhidimizin adını yeni gəmimizə verəndə, sizlərdən təşəkkür qədər, giley-güzar da eşidirəm. Qəminizi də, gileyinizi də, gözləntilərinizi də, acınızı da anlayıram. Vətən uğrunda həlak olanlar bizim hamımızın doğmaları, canımızdan bir parçadırlar. Və həqiqətən də imkan olsa, hər bir şəhidimizin adına gəmi yola salıb dünya sularında tanıdatmaq istərdik. Amma bir gerçək var ki, o qədər gəmiyə sahib olmağımız mümkün deyil.
Dəyərlilərim, Zümrüd anamla bunu paylaşanda "Mənim adıma olan gəmini bütün şəhidlərimizə ərmağan et" dedi və onun xeyir-duası ilə "Zümrud ana" gəmisi "Qarabağ Qəhrəmanları" adını daşımağa başladı. Sizin üçün edə biləcəyimiz hələ ki, budur. O gəmidə öz övladlarınızın, Vətən uğrunda şəhid olan hər bir azərbaycanlı balasının, igid oğullarımızın adını düşünün.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, valideynlərinə və yaxınlarına səbir versin!
]
Anar Əliyev