Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyev Davosda BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru ilə görüşüb

Prezident İlham Əliyev Davosda BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru ilə görüşüb


Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərif ilə görüşüb.

Newscenter.az xəbər verir ki, görüşdə Prezident İlham Əliyev xanım Maimuna Mohd Şərif ilə Bakıda və Ağdamda Milli Şəhərsalma Forumu zamanı keçirdiyi görüşləri xatırlayıb.

Maimuna Mohd Şərif Azərbaycana səfərlərini məmnunluqla xatırlayıb və BMT-nin Məskunlaşma Proqramının fəaliyyətinə verdiyi dəstəyə görə ölkəmizə təşəkkürünü bildirib. O, hazırda Azərbaycanın UN-HABITAT-a könüllü maliyyə ianələrinə görə dünya ölkələri arasında aparıcı dövlət olduğunu deyib.

UN-HABITAT-ın icraçı direktoru Azərbaycanın davamlı şəhər planlaşdırılması sahəsində çox yaxşı nəticələrinin olduğunu və bu istiqamətdə fəaliyyətini davam etdirdiyini vurğulayıb.

Dövlətimizin başçısı Azərbaycanın BMT-nin Məskunlaşma Proqramının məqsəd və məramlarını dəstəklədiyini, UN-HABITAT-ın dünya miqyasında çox önəmli və vacib missiya həyata keçirdiyini qeyd edərək, bundan sonra da Azərbaycanın bu təşkilatın fəaliyyətinə dəstək verəcəyini bildirib.

Maimuna Mohd Şərif Azərbaycanın şəhər planlaşdırılması sahəsində təcrübəsinin dünya ölkələri üçün də maraqlı olduğunu qeyd edib.

Söhbət zamanı BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycan arasında əməkdaşlığın bundan sonra da inkişafı və növbəti Milli Şəhərsalma Forumunun keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Xanım icraçı direktor Azərbaycanın UN-HABITAT-ın alt strukturlarının fəaliyyətində yaxından iştirak etdiyini və müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsini də məmnunluqla vurğulayıb.

Sevinc
Xəbəri paylaş