Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Aqrar Təhsilli Gənclər üçün Karyera Planlaması Layihəsi” həyata keçiriləcək

“Aqrar Təhsilli Gənclər üçün Karyera Planlaması Layihəsi” həyata keçiriləcək


Gəncə şəhərində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Aqrar İnkişaf Könüllüləri Təşkilatının tərəfdaşlığı və Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə “Aqrar Təhsilli Gənclər üçün Karyera Planlaması Layihəsi” adlı layihə həyata keçiriləcək.

Aqrar Təhsilli Gənclər üçün Karyera Planlaması Layihəsinin rəhbəri, Azərbaycan Dövlət Aqrar Universitetinin Təcrübə və Karyera Mərkəzinin mütəxəssisi Ruslan Vəliyev Newscenter.az-a bildirib ki, layihənin keçirilməsində məqsəd gənclərin aqrar sahədə məşğulluq imkanlarının artırılması, layihənin ünvanlandığı gənclər qrupunun Respublikamızda dövlətin aqrar sahəyə ayırdığı diqqət və qayğı ilə bağlı məlumatlandırılması, bu sahə üzrə mütəxəssis hazırlığının rolunun müxtəlif yollarla çatdırılması, kənd təsərrüfatı təyinatlı ixtisasların tələbə və məzunlarının əmək bazarına uyğun hazırlanması probleminin həllinə dəstək göstərilməsi, dövlət və özəl sektorda fəaliyyət göstərən aqrar gəncliyin şəbəkələşməsini təmin etmək, onların bu sahədə mövcud problem hesab etdiyi bütün məsələlərin həlli istiqamətində təhlillər aparmaq və aqrar gənclərin təhsil aldığı ixtisaslara uyğun karyera tapmaqlarında dəstəyin göstərilməsi və bu kimi bütün ümumi məsələlərin həllinə nail olmaqdan ibarətdir.

Layihə çərçivəsində təlimlərin keçirilməsi, həmçinin, layihə iştirakçılarına praktiki təcrübə keçmək üçün şəraitin yaradılması layihənin əsas məqsədlərindəndir. Ölkəmizdə aqrar sahənin beynəlxalq rəqabətə tab gətirməsi zərurətinin ortaya çıxdığı vaxtda, bu sahədə əmək bazarında müasir tələb və təklifin formalaşdığı dövrdə aqrar təhsilin və aqrar sahədə müasir karyera planlamasının rolununun əhəmiyyəti təlimlər vasitəsilə gənclərə çatdırılacaq. Cari layihə çərçivəsində kənd təsərrüfatı sahəsində aqrar təhsilli gənclərin inkişafının artırılması istiqamətində maarifləndirici təlimlər keçiriləcəkdir. Beş (5) gün müddətində peşəkar mütəxəssislər tərəfindən müxtəlif mövzularda təlimlər keçiriləcək, həmçinin, uğurlu layihə iştirakçılarının təcrübə müəssisələrində iştirakına dəstək göstəriləcəkdir. Layihənin sonunda iştirakçılar sertifikatla təltif olunacaqdır. Eyni zamanda onların məşğulluğunun təmin edilməsi istiqamətində pulsuz karyera məsləhəti veriləcəkdir.

Qeyd edək ki, layihə 15.11.2022 – 15.02.2023 tarixlərində Gəncə şəhərində, Azərbaycan Dövlət Aqrar Universitetinin ev sahibliyi ilə həyata keçiriləcəkdir. Layihənin təqdim olunması məqsədilə Gəncə şəhərində və yaxın ərazilərdə sosial şəbəkələr və əyani şəkildə təbliğat həyata keçiriləcək, iştirak etmək istəyən gənclər qeydiyyatdan keçərək müraciət edəcək, daha sonra isə müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsindən uğurla keçən 50 nəfər gənc layihədə iştirak etmək hüququ qazanacaqdır. Layihənin gedişatı haqqında mütəmadi olaraq mətbuat vasitəsilə ictimaiyyətə məlumat veriləcəkdir.

Layihəyə 18-29 yaş arasında olan, aqrar sahəni sevən, bu sahədə təhsilini başa vuran, həmçinin bu sahədə təhsil alan və gələcək karyerasını kənd təsərrüfatında davam etdirmək istəyən işsiz gənclər qoşula bilər.

Qeydiyyat linkini aşağıda yerləşdirirəm.
Son qeydiyyat tarixi: 31.01.2023

Müraciət üçün: http://shorturl.at/jlrIU

Mehman
Xəbəri paylaş