"Dövlət başçısı cənab İlham Əliyevin dövlət xidmətində olan hər kəsin qarşısında qoyduğu əsas tələblərdən biri budur ki, onlar xalqa xidmət etməli, xalqın qayğıları ilə yaşamalıdırlar. Cənab Prezident deyir: "İstər ölkə prezidenti olsun, istər icra hakimiyyətinin başçısı olsun, hansısa başqa sahəyə rəhbərlik etsin, hər bir rəhbərin vəzifəsi ondan ibarətdir ki, mövcud olan problemləri aradan qaldırsın və insanları narahat edən məsələləri həll etsin".
Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən hüquqşünas Əli İbrahimov deyib ki, "Bu gün Azərbaycana hansı kadrlar lazımdır" sualına cavab axtararkən, ilk növbədə ölkənin gələcək inkişaf istiqamətlərinə nəzər salmaq, bir daha Azərbaycan Prezidenti cənab İlham Əliyevin böyük inam və nikbinliklə dediyi sözləri xatırlamaq yerinə düşərdi:
"Həyat yerində durmur, öz axarı ilə gedir və biz prosesləri qabaqlamalıyıq. Biz uzağa baxmalıyıq, gələcəyə baxmalıyıq. Həm bugünkü problemlərin həlli üçün çalışmalıyıq, həm də öz addımlarımızla, siyasətimizlə, qəbul edilmiş proqramlarla ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin etməliyik. On ildən sonra, əlli ildən sonra elə olmalıdır ki, Azərbaycan daim çiçəklənsin, Azərbaycan xalqı yaxşı yaşasın. Azərbaycanın bölgədəki və dünyadakı mövqeləri daha da möhkəm olsun".
Əli İbrahimov hesab edir ki, ölkə rəhbərinin nəzərdə tutduğu bu uzunmüddətli inkişaf xəttinin həyata keçirilməsi dövləti idarə edən savadlı, prinsipial, sədaqətli, vətənpərvər və təmənnasız kadrlardan çox asılıdır:
"Ümumiyyətlə, dövlət xidmətində olanlar üçün təkcə geniş səlahiyyətlər deyil, eyni zamanda, cəmiyyətdə gedən proseslərin idarə olunması və cəmiyyətin inkişafı üçün məsuliyyət deməkdir. Bu işdə çalışanlardan sahəni dərindən bilməklə yanaşı, dövlətinə və xalqına son dərəcə sədaqətli olmaq, dövlətlə xalq arasında əlaqələndirici vasitə kimi xalqın problemlərini və qayğılarını öyrənmək, onların həlli yollarını axtarıb tapmaq tələb olunur".
Anar