Hər il olduğu kimi, bu il də 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin əməkdaşları Gürcüstan əsilli şəhidlərimizin yaxınlarını ziyarət ediblər.
Newscenter.az səfirliyə istinadən xəbər verir ki, əvvəlcə Bolnisi rayonunun Faxralı kəndindəki qəbirstanlıqda şəhid İlqar Əhmədovun məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
Daha sonra Saqareco rayonunun Yor-Muğanlı kəndində ”20 Yanvar” abidəsi ziyarət olunmuş, şəhid Qayıbov Ələsgər Yusif oğlunun həmin kənddə yaşayan ailə üzvləri ilə görüş keçirilib. Həmçinin, Qardabani rayonu Ağtəhlə kəndində şəhid İsmayılov Rəşid İslam oğlunun, Marneuli rayonu Kirəc-Muğanlı kəndində şəhid Eminov Vəfadar Osman oğlunun, Marneuli rayonu Qızılhacılı kəndində şəhid Mursaqulov İsmayıl Həsən oğlunun, Bolnisi rayonu Kəpənəkçi kəndində şəhid Turabov Tengiz Məmməd oğlunun ailə üzvləri ilə görüşlər keçirilib. Eyni zamanda, Marneuli rayonunun Algeti kəndindəki və Poniçala qəsəbəsindəki “20 Yanvar-9 Aprel” abidələri ziyarət olunmuş, önünə gül dəstələri düzülüb.
Gürcüstan əsilli şəhidlərimizin yaxınları ilə keçirilən görüş zamanı şəhidlərimizin hər zaman qürur hissi ilə anıldığını və Səfirlik tərəfindən onların əziz xatirəsinin daim uca tutulduğunu bildirmişdir. 20 Yanvar faciəsinin tariximizin qəhrəmanlıq səhifəsi olduğu, Şanlı Zəfərimizlə bitən 44 günlük Vətən Müharibəsi zamanı fədakar və mərd xalqımızın həmrəyliyi və yenilməzliyini bir daha sübut etdiyi vurğulayıb.
Soydaşlarımız şəhidlərin xatirəsinin hər zaman dərin hörmət və ehtiramla yad olunduğuna görə Azərbaycan Dövləti və Səfirliyə minnətdarlıqlarını bildiriblər.
Səfirliyin təşəbbüsü və AZEBİ-nin dəstəyi ilə hər bir şəhid ailəsinə ərzaq sovqatı təqdim edilib.
Anar