Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının yanvar ayı ərzində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və oğurluq əməlləri törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb, onlardan 2 kiloqrama yaxın narkotik vasitə götürülüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Newscenter.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Bəhruz Eyvazov və Ruslan İsmayılov saxlanılıblar. B.Eyvazovun əlindəki sellofan bağlamaya baxış keçirilən zaman 1 kiloqramdan artıq marixuana, R.İsmayılovun evindən isə külli miqdarda heroin və metamfetamin aşkar edilərək götürülüb.
Bundan başqa keçirilən tədbirlərlə oğurluq əməlləri törədən şəxslər tutulub və onlardan narkotik vasitələr də götürülüb. Araşdırmalarla həmin şəxslərin rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Maksum Yusifov və Cabir Əmirov olduqları müəyyən edilib. M.Yusifov mağazalardan nəğd pul, C.Əmirov isə avtomobillərə məxsus akkumulyatorlar oğurlayaraq sakinlərə maddi ziyan vurublar. Saxlanılarkən onların üzərində aparılan axtarış zamanı müvafiq olaraq metamfetamin və heroin də aşkar edilərək götürülüb.
Həmçinin yanvar ayı ərzində keçirilən tədbirlərlə daha 6 nəfərdən də müxtəlif növ narkotik vasitələr aşkar edilib. Həmin şəxslər də cinayət məsuliyyətinə cəlb ediliblər. Ümumilikdə isə 2 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Mehman