İsveçrənin Davos şəhərində təşkil olunan Dünya İqtisadi Forumu ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq hər il keçirilir. Bu il sayca 53-cü olan, dünyanın 130 ölkəsindən 52 dövlət və hökumət başçısının iştirakı ilə keçirilən Forumda Azərbaycan yenə də diqqət mərkəzində oldu. Çünki Ukrayna-Rusiya müharibəsi fonunda Şərqlə Qərb arasında ən optimal marşrut hesab olunan Orta Dəhliz ölkəmizin ərazisindən keçir və bu, logistik baxımdan ölkəmizin cəlbediciliyini artırıb. Əsas məsələ ondan ibarətdir ki, həm enerji daşıyıcılarının, həm də quru yüklərin dünya bazarına çıxışının təmin olunması üçün Azərbaycanda lazımi infrastruktur yaradılıb. Xüsusilə son illərdə Prezident İlham Əliyevin uzaqgörənliklə həyata keçirdiyi regional və beynəlxalq enerji və nəqliyyat layihələrini qeyd edə bilərik. Əgər milyardlarla vəsait tələb edən qlobal miqyaslı layihələr zamanında icra olunmasaydı, bu gün Davos İqtisadi Forumunda bütün diqqətlər Azərbaycan üzərinə yönəlməzdi.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev söyləyib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Forumda iştirakının ilk günündən onunla görüşmək niyyətində olanların sayı, dünyanın ən müasir texnologiyalara malik müxtəlif profilli şirkətlərinin Azərbaycanla əməkdaşlığa can atması ölkəmizin beynəlxalq nüfuzu, etibarlı tərəfdaş olması ilə bağlıdır. Beynəlxalq siyasi elita, eyni zamanda, iri şirkətlərin nümayəndələri bilirlər ki, Azərbaycan Prezidentinin sözü ilə əməli üst-üstə düşür və o, heç bir halda sözündən dönmür. Həmçinin nəyin bahasına olursa-olsun, Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Təbii ki, bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yerini daha da möhkəmləndirir.
N.Məhəməliyev əlavə edib ki, artıq iki aydır Xankəndi-Laçın yolunda davam edən ekoaksiyanın dayandırılması ilə bağlı erməni lobbisi də adəti üzrə bütün dünyada ölkəmiz əleyhinə çirkin təbliğat aparır. Ona görə də doğru informasiyanın çatdırılması baxımından Davos Forumu ən mötəbər platformalardan biridir. Bir məsələni də vurğulamaq yerinə düşər ki, Davos İqtisadi Forumu hər il dünya ölkələrinin iqtisadi sahədə əldə etdikləri nailiyyətlər, həyata keçirdikləri infrastruktur layihələri üzrə reytinq cədvəllərini nəşr edir. Ölkəmiz də bir çox sahələr üzrə Davos Forumu tərəfindən obyektiv qiymətini alıb.
Milli Məclisin deputatı, həmçinin deyib: “Bu gün biz fəxrlə ölkəmizin beynəlxalq aləmin diqqət mərkəzində yer almasını, Ermənistanın isə növbəti dəfə qlobal iqtisadi proseslərdən təcrid olunmasını izləyirik. Bu dövlətin (əgər dövlət demək olarsa) nə siyasi, nə iqtisadi, nə coğrafi, nə də mənəvi potensialı imkan vermir ki, digər ölkələrin, iri şirkətlərin maraq dairəsində olsun. Xəstə təxəyyül, özlərindən müştəbehlik, illərlə ağlaşma, ağılsız idarəetmə Ermənistanı bu vəziyyətə çatdırıb.
Dünyanın əksər ölkələrinin və qlobal iqtisadiyyatın təmsil olunduğu transmilli şirkətlərin iştirak etdiyi hər bir tədbirin əhəmiyyəti böyükdür. Bu baxımdan builki Davos İqtisadi Forumu Azərbaycan üçün yeni perspektivlər vəd edir. Həmçinin bu Forum dövlətlərarası iqtisadi münasibətlərin inkişafı baxımından olduqca əhəmiyyətli platformadır, onun siyasi əhəmiyyəti isə danılmazdır. (azertac)