Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Davos Forumu Azərbaycanın inkişafını, imkanlarını dünyaya təqdim etmək baxımından mühüm platformadır

Davos Forumu Azərbaycanın inkişafını, imkanlarını dünyaya təqdim etmək baxımından mühüm platformadır


“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun nəticəsi olaraq Azərbaycan bütün dünyada etibarlı tərəfdaş kimi nüfuz qazanıb. Yaradılan mükəmməl əməkdaşlıq və tərəfdaşlıq formatı ölkəmizə ən qlobal layihələri reallaşdırmağa imkan verir. Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə dövlətlərin, o cümlədən güc mərkəzlərinin uzunmüddətli perspektiv üçün əməkdaşlıq münasibətlərini inkişaf etdirmək istədiyi tərəfdaş ölkələrdəndir”.

Bunu Newscenter.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Davos İqtisadi Forumu Azərbaycan dövlətinin etibarlı tərəfdaş olduğunu bütün dünyaya göstərmək üçün ən əlverişli müzakirə platformalarından biri kimi qiymətləndirilməlidir. Bu səbəbdən Davos Forumunda Azərbaycanın geniş tərkibdə təmsil olunması, Azərbaycan Prezidentinin bu Forumda iştirakı xüsusi əhəmiyyət kəsb edir. Forum Azərbaycanın inkişafını, imkanlarını dünyaya təqdim etmək baxımından mühüm platformadır:

"Bu il Davos Forumunda rekord sayda - 130 ölkədən 2 700-ə qədər nümayəndə iştirak edir. 50-dən çox ölkənin dövlət və hökumət başçısı, yüzlərlə nəhəng şirkətlərin rəsmiləri bu tədbirdə öz mövqelərini bildirmək, ikitərəfli əlaqələr qurmaq üçün iştirak ediblər. Budəfəki Forum çərçivəsində Prezident İlham Əliyevin 8 qlobal şirkətin rəhbər şəxsləri, Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti, BMT-nin Məskunlaşma proqramının icraçı direktoru ilə görüşüb. Bununla yanaşı, dövlət başçımızın Latviya, Litva, Xorvatiya, Monteneqro, Hollandiya dövlət və hökumət başçıları ilə də görüşləri olub".

Onun sözlərinə görə, Forum çərçivəsində Şərq-Qərb nəqliyyat dəhlizi kontekstində Azərbaycan ərazisindən keçən Orta Dəhlizin xüsusi əhəmiyyəti, Azərbaycanın enerji layihələrinin yeni mərhələyə keçidi, qaz həcminin artırılması, bərpaolunan enerji layihələri, “ağıllı kənd”, “ağıllı şəhər” və digər sahələr üzrə dünyanın ən məşhur şirkət rəhbərlərinin Prezidentimizlə keçirdiyi görüşlər ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır.

Rəşadət Xalıqov əlavə edib ki, Prezident İlham Əliyevin 15-ci Davos səfəri və keçirdiyi görüşlər Azərbaycanın xarici əlaqələrinin inkişafı, dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlığının gücləndirilməsi və investisiya yatırmaq imkanlarının genişləndirilməsi, Azərbaycanın regional mərkəz, dünyada nüfuzlu ölkə imicinin möhkəmlənməsi baxımından mühüm önəm daşıyıb. Dünya İqtisadi Forumu ilə fəal və səmərəli əlaqələri yüksək qiymətləndirən Azərbaycan Respublikası bu platformada əməkdaşlığın inkişaf etdirilməsi və daha da irəli aparılması üçün göstərilən səyləri dəstəkləməkdə bundan sonra da davam edəcək.

Mehman
Xəbəri paylaş