Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxt məktəbində “Xeyriyyəçilik ənənəsinin memarı” mövzusunda tədbir keçirilib

Paytaxt məktəbində “Xeyriyyəçilik ənənəsinin memarı” mövzusunda tədbir keçirilib


Paytaxtdakı Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli tam orta məktəbdə “Xeyriyyəçilik ənənəsinin memarı” mövzusunda tədbir keçirilib.

Newscenter.az[/b] xəbər verir ki, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva, BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə, Vətən Müharibəsi iştirakçısı Emin Həsənov, şəhid Ceyhun Nəhmətovun atası Etiqat Nəhmətov, “Unity company” şirkətinin direktoru Fikrət Əliyev, “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Babakişiyeva, “AUTO Azərbaycan” şirkətinin Maliyyə Departamentinin müdiri Həqiqət Rəhimli, İdarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, şagirdlər və müəllimlər iştirak ediblər.

Öncə qonaqlar təhsil müəssisəsi ilə yaxından tanış olublar.

Daha sonra məktəbin həyətyanı sahəsində yerləşən H.Z.Tağıyevin abidəsini, iki türk əsgərinin məzarını və altı şəhid məzunun şərəfinə ucaldılan abidə kompleksini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan 123 nömrəli tam orta məktəbin direktoru Sevinc Mustafayeva qonaqları salamlayaraq H.Z.Tağıyevin adını daşıyan təhsil ocağının yaranma tarixi barədə danışıb. Bildirib ki, 1894-cü il sentyabrın 27-də Bakının Mərdəkan qəsəbəsində H.Z.Tağıyev tərəfindən məktəb tikilib. Bu təhsil ocağı əvvəlcə imkanı zəif olan şagirdlər üçün iki sinifli bağçılıq məktəbi kimi fəaliyyətə başlayıb.

Çıxış edən BŞTİ-nin müdiri M.Vəliyeva Azərbaycanın xeyirxah şəxsiyyətlərindən biri olan Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətinin bu gün hər kəsə, eləcə də şagirdlərimizə bir nümunə olduğunu diqqətə çatdırıb.

H.Z.Tağıyevin 1901-ci ildə Bakıda ilk Qızlar Məktəbi tikdirməsindən bəhs edən İdarə müdiri bu təhsil ocağını yaratmaqla onun dünyəvi müsəlman qadın təhsilinin təməlini qoyan böyük maarifçi kimi tarixdə qaldığını söyləyib. Qeyd edib ki, bu gün də qızların təhsildən yayındırılmaması, ali təhsilli xanımlarımızın çoxalması, texniki və fundamental elm sahələrində qadın mütəxəssislərin hazırlanması, qız şagirdlərin olimpiadalarda iştirakı, STEAM və proqramlaşdırma tədrisinə cəlb edilməsi Elm və Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil idarəsinin əsas prioritetlərindəndir.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Q.Paşayeva məşhur mesenat H.Z.Tağıyevin təşəbbüsü, dəstəyi, bir çox hallarda bilavasitə maliyyələşdirməsi ilə ölkəmizdə bir çox önəmli layihələrin həyata keçirilməsindən bəhs edib. Həmçinin Tağıyevin təhsillə bağlı özəl təşəbbüslərinin yalnız paytaxt Bakı ilə məhdudlaşmadığını, yüzlərlə azərbaycanlı gəncinin Avropanın aparıcı ali təhsil ocaqlarına oxumağa göndərməsini də qeyd edib.

Digər çıxış edənlər H.Z.Tağıyevin özünün əməlləri, müdrikliyi, xalqının gələcəyinə qayğısı, heyranedici səxavəti, alicənablığı, zamanla ayaqlaşmaq bacarığı ilə nəsillərin yaddaşında silinməz iz qoyduğunu və bu gün də bundan bir çoxlarının örnək aldığını diqqətə çatdırıblar.

Daha sonra şagirdlərin ifasında “Hacı Zeynalabdin Tağıyevin həyat kitabından səhifələr” mövzusunda hekayələr səsləndirilib.

Sonda millət vəkili Q.Paşayeva tərəfindən şagirdlərə müxtəlif kitablar hədiyyə edilib.

[b]R.Mehdiyeva
Xəbəri paylaş