“Avrasiyanın yeni nəqliyyat xəritəsini yaradan Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşan strateji əhəmiyyətli layihələr regional və beynəlxalq əməkdaşlığın dərinləşməsini, yeni əməkdaşlıq platformalarının formalaşmasını şərtləndirir. Azərbaycanın regionda yeni nəqliyyat-kommunikasiya xəritəsinin yaranması və bölgənin geostrateji vəziyyətinin dəyişilməsində aparıcı rolu xüsusi əhəmiyyətə malikdir. Hazırda Avrasiyanın strateji yolları ölkəmizdə kəsişir və ölkəmiz qitələri qovuşduran məkan qismində çıxış edir”.
Bunu Newscenter.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Prezident İlham Əliyev 2023-cü il 19 yanvar tarixində Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda keçirilən panel iclasda Azərbaycan tərəfindən logistika və ticarətin inkişafı istiqamətində görülən işlər, ölkəmizin tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirlən kompleks tədbirlər barədə geniş məlumat vermişdir. Nəqliyyat sektoruna çoxmilyardlıq investisiyaların qoyulması Azərbaycanı Avrasiyanın mühüm nəqliyyat və logistik mərkəzlərindən birinə çevirmişdir. Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır və bu rol ildən-ilə artmaqdadır:
"Ölkəmizin ərazisindən keçərək Şərqdən Qərbə doğru uzanan və Avropa, Qafqaz, Orta Asiya ölkələrini əlaqələndirən Şərq-Qərb nəqliyyat dəhlizi istər iqtisadi səmərəlilik, istərsə də mükəmməl infrastruktur baxımından əlverişli marşrutdur. Bu marşrutun potensialından səmərəli istifadə etməklə geniş coğrafiyada yerləşən ölkələr arasında iqtisadi-ticarət əlaqələrini gücləndirmək, bütövlükdə regionun inkişafına əlavə implus vermək mümkündür. Ölkəmiz bu marşrutun funksionallığının artırılmasında, o cümlədən qədim İpək yolunun bərpasına ciddi dəstək verir. Zəngəzur dəhlizinin yaradılması ilə Azərbaycanın tranzit imkanları daha da artacaq və region ölkələri arasında yeni əməkdaşlıq imkanlarının yaranacaq. Gələcəkdə yeni dəhliz Naxçıvandan keçməklə Türkiyəyə qədər uzanacaq və beləliklə, Azərbaycanı qardaş ölkə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaq”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, Zəngəzur marşrutu Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq. Bu dəhliz Azərbayana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək.
Rəşadət Xalıqov əlavə edib ki, Prezident İlham Əliyevin gələcəyə aydın baxışı və qətiyyəti sayəsində Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb. Azərbaycan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizi layihəsinin önəmli hissəsinə çevrilib. Ölkəmiz bu strateji nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində davamlı investisiya yatırmaqla öz üzərinə düşən vəzifələri yerinə yetirir. Nəticə etibarilə, davam etdirilən işlər ölkəmizin Mərkəzi Asiyanı Qərblə, Cənubi Asiyanı isə Şimalla birləşdirən nəqliyyat qovşağına çevrilməsini şərtləndirib.
Mehman