“Azərbaycan Respublikası vətəndaşlarının 2023-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında” Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu davam edir.
Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Xidmətə yeni gələn bütün çağırışçılar hərbi hissələrin qəbul məntəqələrində qeydiyyatdan keçdikdən sonra tibb məntəqələrində hərbi həkim komissiyası tərəfindən təkrar müayinə olunur, mövsümə uyğun hərbi geyimlə və digər təminat növləri ilə tam təmin olunurlar.
Şəxsi heyətin qidalanmasına xüsusi diqqət yetirilir, əsgər yeməkxanalarında sanitar-gigiyenik qaydalara riayət olunmaqla dadlı və keyfiyyətli yeməklər hazırlanır.
Hərbi xidmətin xüsusiyyətləri, xidmət edəcəkləri hərbi hissə, günün nizam və təhlükəsizlik qaydaları barədə çağırışçılara ətraflı məlumat verilir, maarifləndirici və fərdi söhbətlər aparılaraq onların psixoloji xüsusiyyətləri öyrənilir.
Gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq onlarla fərdi hazırlıq məşğələləri keçirilir. Məşğələlərdə gənc əsgərlərə nizamnamə və hərbi qanunvericiliyin müvafiq tələbləri, hərbi intizam qaydaları, eləcə də sıra, fiziki və atəş hazırlığı üzrə çalışmaların elementləri aşılanılır.
Mehman