"Bu gün bəzi qüvvələrin məqsədi Azərbaycanı haqq savaşından döndərməkdir".
Newscenter.az xəbər verir ki, bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.
Deputat qeyd edib ki, 30 il ərzində işğala və erməni barbarları tərəfindən soydaşlarımızın vəhşicəsinə öldürülməsinə göz yuman təşkilatların demokratiyadan, insan haqlarından danışması gülüncdür:
"Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm zəfər bu gün bir çoxlarını narahat edir. Biz 44 günlük müharibə dövründə dostumuzu və düşmənimizi tanıdıq. Bu gün də tanımağa davam edirik. Fransanın sərsəm bəyanatlarından sonra Avropa İttifaqı (Aİ) Şurasının qərarı Azərbaycan qarşı yönəlmiş növbəti oyundur. Bu qərar birbaşa Qarabağda gizlənən erməni terrorçularını mühafizəsinə yönəlibdir".
Deputat vurğulayıb ki, Avropa İttifaqı (Aİ) Şurasının Ermənistanda monitorinq missiyasının yaradılmasında əsas məqsəd Azərbaycan-Ermənistan arasındakı münasibətləri yenidən gərginləşdirmək və sülh müqaviləsinin imzalanmasına maneə olmaqdır:
"Bu gün regionda sülhün və əmin-amanlığın olması bəzi ölkələrə, demokratiya pərdəsi arxasında gizlənən təşkilatlara xeyir etmir. Onlar hər yolla çalışırlar ki, regionda vəziyyət həmişə gərgin olsun və bu yolla milyonlarla pul qazansınlar. İllərdir ki, beynəlxalq təşkilatlar Azərbaycana qarşı qərəzli və ədalətsiz münasibət bəsləyir. Bu ədalətsizliyə Azərbaycan 44 günlük Vətən müharibəsində öz gücü ilə son qoydu və torpaqlarını işğaldan azad etdi. Hazırda da 46 gündür ki, havanın soyuq və şaxtalı olmasına baxmayaraq, ekofəallar və gənc könüllülər Xankəndi-Laçın yolunda Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə aksiya keçirirlər. Aksiyanın da məqsədi Qarabağdakı ekoloji terrora son qoyulmasıdır. Bu gün Ermənistanın havadarları aksiyaya başqa don geyindirməyə çalışırlar. Əlbəttə bu yolverilməzdir. Azərbaycan bu gün diqtə edən tərəfdir və Ermənistanın sülh müqaviləsini imzalamaqdan başqa yolu yoxdur. Əks təqdirdə dəmir yumruğumuzu yenidən öz başında hiss edəcək".