"XX əsrdə azərbaycanlıların doğma torpaqlarımız olan hazırki Ermənistan ərazisindən üç dəfə zorla köçürülməsi olub. Bu proses hər dəfə zorakılıq və qətllərlə müşayət edilib. Ötən yüzilliyin ikinci deportasiyasına 1947-ci ildə start verilib. Bu proses mərkəzləşmiş qaydada sovetlər birliyinin rəhbərliyi tərəfindən sanksiyalaşdırılıb və qəbul edilən sənədlərlə, qərarla tənzimlənib".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Elnur Allahverdiyev səsləndirib. Millət vəkili bildirib ki, müasir Ermənistan torpaqlarından azərbaycanlıların etnik təmizlənməsinin növbəti mərhələsi İkinci Dünya müharibəsindən dərhal sonra başlayıb:
"Azərbaycanlıların köçürülməsi ilə paralel şəkildə bölgəyə xaricdən yenidən ermənilərin gətirilməsinə başlanılıb. 1946-1975-ci illər ərzində xaricdən Ermənistana köçürülən ermənilərin sayı təxminən 150 min nəfəri ötüb. SSRİ Nazirlər Sovetinin “Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında” 1947-ci il 23 dekabr tarixli 4083 saylı fərmanına uyğun olaraq, 1947-1950-ci illərdə Ermənistan SSR-in azərbaycanlı əhalisinin kütləvi şəkildə köçürülməsinə başlanılıb. Bu plana əsasən, 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min azərbaycanlının köçürülməsi nəzərdə tutulurdu. Beləliklə, 100 min azərbaycanlı Ermənistandan köçürülməli idi. 1947-ci ildən 1956-cı ilə qədər davam edən proses zamanı Ermənistandan təxminən yüz min azərbaycanlı deportasiya edilib".
Anar