"İran İslam Respublikasının diplomatik əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsini və onun əməkdaşlarının təhlükəsizliyini təmin etmədiyinə görə bu gün səhər Tehrandakı səfirliyimizə hücum edən şəxs tərəfindən mühafizə xidməti rəisinin qətlə yetirilməsi və səfirliyin iki nəfər əməkdaşının yaralanması İranda Azərbaycan dövləti əleyhinə uzun illər aparılan düşmənçilik təbliğatının nəticəsi kimi qiymətləndirilməlidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Səbinə Xasayeva səsləndirib. Millət vəkili bildirib ki. bu qanlı terrorda beynəlxalq hüququn tələbləri kobud şəkildə pozulduğundan İran tərəfi daşıdığı məsuliyyətə və bu hadisəyə görə cavab verməlidir:
"Səfirliyimizə qarşı həyata keçirilən bu xain hücumu dövlətimizə qarşı törədilən düşünülmüş terror aktı kimi qəbul edirik. İran dövləti qonşuluq münasibətlərinə uyğun olmayan belə çirkin əməllərindən əl çəkməli, Azərbaycana qarşı təhdid və təzyiqə son qoymalıdır".
Millət vəkili qeyd edib ki, İran İslam Respublikasından terror törədilməsi səbəblərinin obyektiv və qərəzsiz aydınlaşdırılmasını, təşkilatçıların və iştirakçıların qanun qarşısında cavab verməsini, günahkarların ciddi cəzalandırılmasını və hadisəni törədənlərin məsuliiyyətə cəlb olunmasını tələb edirik.
"Azərbaycanın yeritdiyi müstəqil siyasətini, günbəgün artan nüfuzunu və xalqımızın tarixi qələbəsini həzm edə bilməyənlər, ona xələl gətirmək istəyənlər bilməlidirlər ki, onların heç bir xain əməli Azərbaycan dövlətinin haqq işinə mane olmağa qadir deyil, onu yolundan döndərə bilməz. Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə qarşı edilən qanlı terror hücumunda həlak olan səfirlik əməkdaşına Allahdan rəhmət diləyir, ailəsinə başsağlığı veirir,yaralılara tezliklə şəfa tapmağı arzulayıram".
Anar