Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Üzərimə götürdüyüm öhdəliklərin ağır məsuliyyətini anlayıram

Üzərimə götürdüyüm öhdəliklərin ağır məsuliyyətini anlayıram


Bu il yanvarın 9-da 17 illik sahmat üzrə müəllim -məşqçi fəaliyyətimdən sonra Elm və Təhsil naziri cənab Emin Əmrullayevin müvafiq əmri ilə Qax Uşaq Gənclər İdman-Şahmat məktəbinə direktor təyin edildim. İlk növbədə mənə göstərdiyi yüksək etimada görə Elm və Təhsil naziri cənab Emin Əmrullayevə dərin təşəkkürümü bildirirəm. Bu vəzifəyə təyinatımda Gənclər və İdman naziri cənab Fərid Qayıbov və Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov da mənə xüsusi dəstək verdilər.

Mənə etimad göstərən rəhbər şəxslərin, məktəb kollektivinin və ictimaiyyətin qarşısında söz verirəm ki, bu yüksək etimadı doğrultmaq, Qax UGİŞM-nin müsbət ənənələrini bərpa etmək üçün əlimdən gələni edəcəm. İnanıram ki, məktəb kollektivi də bu sahədə mənə yaxından kömək edəcək. Fəaliyyətimdə ədalətli olacağıma, hər bir müəllimin uğurla çalışması və ölkə idmanına töhfə verməsi üçün ən münbit şərait yaradacağıma, uğur əldə edən müəllim və şagirdlərin layiqincə dəstəkləyəcəyimə, ayrı seçkiliyin olmayacağına, subordinasiyanın tam təmin ediləcəyinə və yüksək intizamın təmin ediləcəyinə kimsənin şübhəsi olmasın.

Başda mən olmaqla, hər birimiz qalib Silahlı Qüvvələrimizə layiq qalib idmançılar yetişdirmək, Qax idmançılarının beynəlxalq yarışlarda ciddi nailiyyətlər əldə etməsi, həmin ölkələrdə Himnimizi səsləndirmək, Azərbaycan Bayrağıını dalğalandırmaq üçün var gücümüzlə çalışmalıyıq. Üzərimə götürdüyüm öhdəliklərin ağır məsuliyyətini anlayıram, bunların asan vəzifələr olmadığının və zaman tələb etdiyinin fərqindəyəm, amma inanıram ki, məktəbin kollektivi bu layiqli vəzifələrin öhdəsindən gəlmək potensialına malikdir və məqsədyönlü fəaliyyətimiz daha qısa zamanda müsbət nəticələrini göstərəcək.

Fəaliyyətimdə müzəffər Ali Baş Komandan İ.Əliyevin tövsiyələrini daim əsas götürməyimə, Elm və Təhsil naziri Emin Əmrullayevin əmr və göstərişlərini sözsüz şəkildə yerinə yetirəcəyimə söz verirəm. Bir daha mənə etimad göstərən rəhbər şəxslərə və mənə dəstək verən kollektivə dərin təşəkkür edirəm.

Pərvanə İsmayılova,
qızlar arasında dünya və Avropa çempionu, FİDE ustası, Qax rayon Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru.
Xəbəri paylaş