Azərbaycanla Misir arasında əlaqələr dərin tarixi köklərə söykənir. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra iki ölkə arasında əlaqələr yeni mərhələyə daxil oldu. Azərbaycanın Misirdə, Misirin Azərbaycanda səfirliyi fəaliyyətə başladı.
Misirlə Azərbaycan arasında əlaqələr Ulu Öndər Heydər Əliyevin 1994-cü ilin sentyabrında Qahirəyə səfəri, o vaxt ki, Misir Prezidenti Hüsnü Mübarəklə müzakirələrdən sonra yeni mərhələyə qədəm qoydu. Həmin dövrdən başlayaraq iki ölkənin müxtəlif dövlət qurumları arasında əlaqələr daha da inkişaf etdi, qarşılıqlı səfərlərin həyata keçirilməsinə başlanıldı.
Sonrakı dövrdə 2007-ci il mayın 6-8-də Prezident İlham Əliyev Qahirəyə rəsmi səfəri etdi. Səfər zamanı imzalanmış sənədlər ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verdi.
Bu gün iki dost ölkə Misirlə Azərbaycan bir çox beynəlxalq təşkilatlar, o cümlədə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində sıx əməkdaşlıq edir. Misir torpaqlarımızın Ermənistan tərəfindən işğalı dövründə ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib, həmçinin İƏT-in Ermənistanın işğalçı siyasətini pisləyən qərarlarına qoşulub.
1994-cü ilin aprelində rəsmi Qahirə BMT-nin Cenevrədəki İnsan hüquqları Komissiyasının 52-ci sessiyasında Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyini dəstəkləyib.
Misir ölkəmizdə keçirilən irimiqyaslı beynəlxalq tədbirlərdə də fəal iştirak edib. Hələ 2007-ci ilin aprelində Misirin nümayəndə heyəti Bakıda keçirilmiş “Dözümlülük və qarşılıqlı anlaşmanın inkişafında kütləvi informasiya vasitələrinin rolu” mövzusunda beynəlxalq konfransa qatılıb. Eyni zamanda Misirin nümayəndə heyətləri 2008-ci ilin iyununda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Heydər Əliyev Fondunun təşəbbüsü, UNESCO və ICESCO-nun dəstəyi ilə keçirilmiş Beynəlxalq Forumda, 2011-ci ilin aprelində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda, Bakı Beynəlxalq Humanitar Forumunda, ötən il ən yüksək səviyyədə təşkil olunmuş Qoşulmama Hərəkatının XVIII Zirvə Toplantısında da fəal iştirak ediblər.
İqtisadi əməkdaşlığa gəldikdə 2002-ci il oktyabrın 3-də Ümummilli Lider Heydər Əliyev 1994-cü il 7 aprel tarixində Qahirə şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Misir Ərəb Respublikası Hökuməti arasında iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş”in icrasını təmin etmək üçün Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Sərəncam imzalayıb.
Həmin il oktyabrın 23-25-də Müştərək Komissiyanın birinci iclasının keçirilməsi ilə əlaqədar Komissiyanın Misir tərəfindən olan həmsədri - xarici işlər üzrə dövlət naziri Faizə Əbu ən-Nəcə Bakıda səfərdə olub. Komissiyanın fəaliyyəti nəticəsində Müştərək Komissiyanın protokolu, Azərbaycan Respublikası Hökuməti ilə Misir Ərəb Respublikası Hökuməti arasında investisiyaların qarşılıqlı qorunması və təşviqi haqqında Saziş, Ticarət-Sənaye palataları arasında razılaşma imzalanıb.
2022-ci il fevralın 25-də Bakıda keçirilən Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın beşinci iclası isə ikitərəfli əməkdaşlığın möhkəmlənməsində yeni mərhələnin əsasını qoyub. İclasın sonunda Azərbaycan ilə Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın beşinci iclasının Protokolu və bir sıra sənədlər imzalanıb.
Sənədlərə “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Misir Ərəb Respublikasının Mikro, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi arasında anlaşma memorandumu”, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Misir Ərəb Respublikasının Ticarət və Sənaye Nazirliyi arasında Azərbaycan – Misir Biznes Şurasının yaradılması haqqında anlaşma memorandumu”, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Misirli İş Adamları Assosiasiyası arasında anlaşma memorandumu” və “Azərbaycan Respublikasının “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Misir Ərəb Respublikasının İsgəndəriyyə limanı arasında anlaşma memorandumu” daxildir.
Onu da qeyd etmək lazımdır ki, son 24 ildə Misirin Azərbaycana ixracının həcmi 21,7 faiz artaraq 10 milyard dollara çatıb. Eyni zamanda, Süveyş Kanalı Azad İqtisadi Zonası ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında əməkdaşlıq, kiçik və orta sahibkarların əlaqələrinin möhkəmləndirilməsi də nəzərdə tutulur.
Misir Prezidentinin ölkəmizə son səfəri, yüksək səviyyəli müzakirələr iki dost ölkə arasında siyasi və iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək.
Ceyhun Məmmədov-Milli Məclisin deputatı