"Azərbaycanın İrandakı səfirliyinə terror hücumunun baş verməsi və nəticədə səfirliyin əməkdaşlarından birinin qətlə yetirilməsi, bəzilərinin isə yaralanması fars-molla rejiminin növbəti iyrənc oyunudur".
Newscenter.az xəbər verir ki, bu fikirləri ictimai-siyasi fəal Anar Salehoğlu səsləndirib. O bildirib ki, Azərbaycanı gözü götürməyən xurafatçı mollalar bizi qorxutmaq üçün indi də bu yola əl atıblar:
"Onların acizliyi və acizlikdən doğan hərəkətləri çox gülüncdür. Şovinist rejim sonunun yaxınlaşdığını hiss edir. Məhz buna görə çabalayır. 1945-1946-cı illərdə Cənubi Azərbaycanda baş verən üsyanlar, alovlanan milli azadlıq hərəkatı və hadisələrin nəticəsi kimi milli hökumətin yaradılması xalqımızın müstəqillik və azadlıq ruhunun güclü olmasından xəbər verirdi. Bu hadisə farslara qarşı genişmiqyaslı etiraz hərakatı idi. Sonralar idarə üsulunun səmərəli olmadığını anlayan şovinist etnos çıxış yolunu molla rejimi qurmaqda gördü. Keçən əsrin ikinci yarısında İranda həyatın bütün sahələrində sağalmaz xəstəlik kimi kök salan molla rejimi bu günə qədər hər vəchlə öz hakimiyyətini möhkəmləndirməyə çalışmış, dini faktoru önə çəkməklə ondan xalqların gözünü bağlamaq üçün vasitə kimi istifadə etmişdir. Ancaq bu uzun müddət davam etməyəcək".
Anar Salehoğlu deyib ki, tarixən belə rejimlərin çox yaşamadığının və sonda ədalət məhkəməsi qarşısında cavab verdiyinin şahidi olmuşuq:
"İran fars molla rejiminin də sonu uzaq deyil. Həmin gün cənublu həmvətənlərimiz öz azadlıqlarına qovuşacaqlar, hürr olacaqlar. Azərbaycan bütövləşəcək və tarixi ədalətsizliyə son qoyulacaq. Molla rejiminin Azərbaycana qarşı düşmən mövqeyi 44 günlük vətən müharibəsində qazandığımız qələbədən sonra daha da kəskinləşib. Torpaqlarımızın işğaldan azad olunması İranın planlarını alt-üst etdi. Arzusu ürəyində qalan mollalar heyiflərini çıxmaq üçün mahiyyətlərinə uyğun hərəkətlər edirlər. Təbii ki, biz bunların hamısını görür və lazımi addımlarımızı atırıq. Fars-molla rejiminin terrorçuları tərəfindən qətlə yetirilən səfirlik əməkdaşının ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə şəfa tapmalarını diləyirəm. Onu da əlavə etmək istəyirəm ki, həmvətənimizin qanı yerdə qalmayacaq, terrorçular öz cəzalarını alacaqlar!".
Mehman