"Məlum hadisədən sonra səfirliyimizin İrandan təxliyə edilməsi düzgün qərar idi. Diplomatik əlaqələrin konsulluq səviyyəsinə endirilməsi iki ölkə arasında olan gərginliyin mövcudluğunu sübut edir".
Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, əlaqələrin gərginliyi hiss edilən həddədir, amma açıq şəkildə hər iki tərəfin rəsmiləri bunu bəyan etməkdən çəkinir:
"XİN-nin köməkçisi X.Xələfovun münasibətlərdəki gərginlik haqda bəyanatı onu göstərir ki, Azərbaycan tərəfi ciddi şəkildə ikitərəfli münasibətlərdən narazı olsa da, əlaqələrin tamamilə dayandırılmasını istəmir. Ən azı konsulluq səviyyəsində davam etdirilməsini məsləhət bilir".
Azər Qasımov onu da qeyd edib ki, bu şəraiti diplomatik kriz səviyyəsi adlandırmaq hələ tez olar, amma durum buna yaxınlaşır:
"Çünki hadisələrin gedişi onu göstərir ki, İran tərəfi ardıcıl olaraq qeyri konstruktiv davranışlarına davam edir.
Təbii ki, iki ölkə arasında olan gərginliyin artması tərəflərdən heç birinin maraq dairəsində deyil. Gərginlik regionda olan maraqlı güclərin planlarına da rəvac verir. Bu, istər İran, istərsə də Azərbaycan üçün arzuolunmaz nəticələr vəd edir".
Anar Əliyev