“Azərbaycanın regionda artan gücü, nüfuzu, malik olduğu enerji resursları ölkəmizə beynəlxalq aləmdə olan marağı getdikcə artırır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Macarıstana rəsmi səfərə dəvət edilməsi də məhz bu maraqdan, Azərbaycanla əlaqələri daha da inkişaf etdirmək istəyindən irəli gəlir”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfərə dəvət olunmasına münasibət bildirərkən səsləndirib:
“Artıq məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanda rəsmi səfərdədir. Dövlət başçımıza və onun rəhbərlik etdiyi nümayəndə heyətinə göstərilən yüksək səviyyəli diqqət rəsmi Budapeştin Azərbaycanla əməkdaşlığa son dərəcə maraqlı olduğunu təsdiqləyir”.
İqbal Məmmədov deyib ki, Macarıstan Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında rolunu bilir və onu yüksək dəyərləndirir:
“Bu amilin özü də Budapeştin Bakıya olan marağını artırır. Macarıstan indiyə qədər Rusiyadan aldığı enerji resurslarına alternativ marşrut kimi məhz Azərbaycana üstünlük verir. Digər tərəfdən Azərbaycanın etibarlı tərəfdaş olması, regionun lider dövlətinə çevrilməsi Budapeştin Bakıya olan marağını şərtləndirən amillərdəndir”.
Millət vəkili əmin olduğunu bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri ölkələr arasında əlaqələrin daha da inkişaf etməsi və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoymasına xidmət edəcək:
“Onsuz da iki ölkə arasında əlaqələr ən yüksək səviyyədədir. Macarıstanla Azərbaycan bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Siyasi hakimiyyətlər arasında mövcud olan yüksək səviyyəli münasibətlər, əməkdaşlıq Bakı ilə Budapeşt arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına öz müsbət təsirini göstərib”.
Anar