“Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri əlamətdar hadisə olmaqla yanaşı, həm də qarşılıqlı əlaqələrin inkişafında yeni səhifənin açılmasına əsas yaradır. Səfər zamanı aparılan danışıqlar, keçirilən müzakirələr və qarşılıqlı faydalı əməkdaşlıq haqqında sənədlərin imzalanması münasibətlərdə yeni inkişaf dövrünün başlanmadığını deməyə əsas verir”.
Bunu Newscenter.az-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Misir hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ölkəmizin ədalətli mövqeyini daim müdafiə edib:
“İki ölkə arasında siyasi və iqtisadi münasibətlər 1994-cü ildən başlayıb və hələ 2002-ci ilin oktyabr ayında Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiya yaradılıb, bunun da fəaliyyəti nəticəsində əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atılıb. Komissiyanın fəaliyyətinin nəticəsi olaraq indiyədək ölkələr arasında 50-yə yaxın sənəd imzalanıb, 21 sənəd layihəsi isə müzakirə mərhələsindədir. Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 14 şirkət fəaliyyət göstərir. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. Enerji sahəsində əməkdaşlığımız çoxşaxəlidir və bu əlaqələrin genişləndirilməsi üçün tədbirlər həyata keçirilir. Həmçinin, SOCAR Misirin Dövlət Neft Şirkəti ilə əməkdaşlıq edir, eləcə də əlaqələr turizm sahəsində də inkişaf edir və son illər Misirdən Azərbaycana gələn turistlərin sayı 50 faiz artıb. Eyni zamanda, Azərbaycanla Misir arasında bir sıra mühüm sosial layihələr həyata keçirilir. Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri bu əlaqələrin daha da inkişaf etdirlməsinə əlavə stimul verəcək”.
“Prezident Əbdülfəttah Əs-Sisinin səfəri çərçivəsində Bakıda həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlərdə bir çox məsələlər müzakirə edilib və gələcək əməkdaşlıq haqqında vahid mövqeyə gəlilib ki, bu əməkdaşlıq dərinləşdirilməlidir və genişləndirilməlidir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycanla Misir təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirmək, beynəlxalq terrorçuluğa qarşı mübarizəni gücləndirmək üçün birgə addımlar atmağı planlaşdırır:
“Bütövlükdə, Azərbaycan ilə Misirin ikitərəfli əlaqələrinin uğurlu inkişafı xalqlarımız və dövlətlərimiz üçün çox faydalı olacaq. Eyni zamanda, bu ölkələrin yerləşdiyi bölgələrə də əlavə sabitlik gətirəcək”.
Mehman