Sumqayıt sakinləri sahibsiz küçə itlərinin hücumlarından ciddi narahatdır
Azərbaycanın bu şəhərində bəlkə də 100 mindən çox küçə iti var
Belə bir fikir var ki,”it insanın dostudur”. İtin necə vəfalı və ağıllı olması haqda, Yaponiyada yaşanan gerçək bir həyat hekayəsi əsasında çəkillən “Hatiko: İt Əhvalatı” filminə əlbət çoxları baxıb və təsirlənib.
Əksəriyyət onun əhvalatını bilir;Akita-inu cinsindən olan Hatiko Tokio universitetinin professoru olan sahibinin hər gün dəmiryol vağzalına qədər ötürüb evə qayıdırmış. Axşamüstü yenidən vağzala gedib işdən qayıdan sahibini qarşılayırmış. 1925-ci ilin mayında professor işdə insult keçirir və vəfat edir. Bundan sonra Hatiko 10 ilə yaxın müddətdə sahibini qarşılamaq üçün hər gün vağzala gəlir, amma professor qayıtmır. Vəfalı heyvan 1935-ci il martın 8-də xərçəngdən vəfat edir.
Əhvalat haqqında 1987-ci ildə Yaponiyada və 2009-cu ildə ABŞ-da bədii film çəkilib. Köhnə nəslin nümayəndələrin yadında olan “Qaraqulaq ağ Bim” filmindəki Bim itə qarşı xoş hisslər oyadır.
Amma sahibsiz itlər haqda heç də birmənalı “dost” demək olmur.
Ölkədə hər gün orta hesabla 50-100 nəfəri it dişləyir. Qeyri-rəsmi daha çox.
Qeyd edək ki, 2022-ci ilin 9 ayı ərzində respublika üzrə 28549 nəfər heyvan dişləməsi şikayəti ilə tibb müəssisələrinə müraciət edib. Müraciət edənlərin 23716 nəfəri it tərəfindən zədələnməyə məruz qalanlardır. Qeyri-rəsmi rəqəmlər isə daha çoxdur.
Müraciətlərin ən çox olduğu yerlərdən biri Sumqayıtdır.
Son dövrlər Sumqayıtda sahibsiz küçə itlərinin sakinlərə yaşatdığı ciddi problemlər haqda mətbuatda dəfələrlə yazılıb. Məsələ ilə bağlı bir müddət əvvəl Sumqayıt şəhər İcra Hakimiyyətinin rəsmiləri şəhərdə küçə itlərinin meydan sulayaraq sakinləri narahat etməsi barədə açıqlama verərək bildiriblər ki, Sumqayıtda sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə davamlı olaraq sahibsiz itlərin götürülməsi və ərazidən uzaqlaşdırılması işləri həyata keçirilir:”Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara tədbirlərin daha da gücləndirilməsi üçün tapşırıq verilib"
Amma əfsuslar olsun ki, neçə ay keçsə də şəhərin icra hakimiyyəti, müvafiq aidiyyəti qurumlar açıqlamadan savayı demək olar ki, heç bir “tədbir” görməyiblər.
Ən azından müsbət nəticə yoxdur.
Belə ki, problem aktual olaraq qalıb və üstəlik küçə itlərinin sayı o qədər çoxalıb ki, artıq sumqayıtlılarda daha narahatçılıq və ciddi narazıçılıq doğurur.
Belə ki, əgər əvvəllər itlərin səs-küyündən gecə yatmaq, küçəyə rahat çıxmaq olmurdusa artıq gündüz vaxtı belə itlərin bir-biri ilə, gəlib-gedən insanlara hürüşməsindən rahatçılıq yoxdur.
Hətta ucqar kəndlərdə belə itlərlə bağlı belə açınacaqlı vəziyyət yoxdur.
Suqmayıtın bu baxımdan müəyyən mənada Hindistanın tipik şəhərini xatırladır.Yalnız bir fərqlə ki, burada toxunulmaz meymun və inəklər deyil küçə itləridir.
Küçə itləri burada binaların ətrafında, hətta bloklarda uzun müddət məskən saldıqca artıq oranı özlərinə doğma məskən sayırlar. Sahibsiz itlər hərəkət edən maşınların, velosipedlərin dalınca aqressiv qaçaraq hürürlər.
Sahibsiz itlər özlərini bu şəhərdə o dərəcədə komfort hiss edirlər ki, həyətlərin “sahiblərinə” çevriliblər.
Sahibsuz itlər son zamanlar o qədər balalayib çoxalIblar ki, bu avtomobil sahiblərinə belə başa ağrısına çevriliblər.
Belə ki, sürücülərin onların qabağından keçən itləri bilmədən vurarkən maşınlarını zədələməsi halları çoxalıb.
Çoxsaylı şikayətçilərdən biri- Sumqayıt şəhər sakini Aygün Ağayeva bir müddət mətbuata bildirmişdi ki, “Əşya bazarı” adlanan ərazidə küçə itlərinin sayı çoxalıb: “Hətta, dekabr ayının (keçən il) 15-i, saat 16:00 radələrində həmin bu küçə itlərindən biri məni tutdu. Onsuz da uzun illərdir Sumqayıt küçələrində it sürüləri meydan suladığindan qorxurduq. İndi bu hadisədən sonra daha da həyəcanlıyam.
Üç uşaq anasıyam. Övladlarım baxçaya, məktəbə gedirlər. Çox qorxuram onlara nəsə olar. Özüm isə 11 nömrəli tam orta məktəbdə işləyirəm və sözügedən ərazidən gün ərzində 2-3 dəfə keçməli oluram. Yoldaşım da 2-ci Qarabağ müharibəsi veteranıdır. Hal-hazırda quduza qarşı müalicə alıram. Bir ana kimi sizdən xahiş edirəm məsələni ictimailəşdirin ki, şəhərdəki it problemini həll etsinlər. Bizim müraciətlərimizə aidiyyatı qurumlar baxmır.”
Ümumiyyətlə Sumqayıt sahibsiz itlərin çox kompakt şəkildə məskunlaşdığı bir şəhərdir. Artıq iş o yerə çatıb ki, bu heyvanlar bağlara, bağçalara doluşaraq insanların həmin yerlərə çıxmasına imkan vermirlər. Hətta onların sürü şəklində qaranlıqda insanlara hücum etmələri halları da müşahidə olunmaqdadır. Sumqayıtda itlər nəinki yaşayış məntəqələrinin yaxınlığında, hətta bir çox dövlət idarələrinin düz qabağında, şəhərin mərkəzi yerlərində yolun ortasında, Sumqayıt Bulvarında, parklarda rahatca sülənirlər .
“Bravo, “Araz” və digər supermarketlərin, restoranların , kafelərin qabağında, uşaq bağçalarının, məktəblərin, stadionların həndəvərində günün günorta cağı var-gəl edirlər, daimi məskən salıblar.
Buna görə də məktəbə gedən, çölə-bayıra çıxan uşaqlar qorxurlar, böyüklər də vəhşi heyvanlardan çəkinirlər.
İşə tələsən sakinlər və məktəbə gedən şagirdlər itlərin kütləvi hücumuna məruz qalır. Sürü halında gəzən küçə itləri gecə vaxtı daha təhlükəli və aqressiv olurlar. Bu baxımdan gecə vaxtı çölə çıxmağı Sumqayıtda az qala qəhrəmanlıq saymaq olar.
Şagirdlər deyirlər ki, onlardan qorunmaq üçün səhərlər məktəbə əllərində daşla gedirlər. Bəzən isə yollarını dəyişmək məcburiyyətində qalırlar.
Hətta mətbuatda çıxan şikayətlərdə bildirilir ki, küçənin ortasında, məktəblərin həyətlərində itlər hətta bəzən çox rahat şəkildə cinsi əlaqədə olurlar.
Şəhərin bir neçə nöqtəsində küçə itlərinin “qərargahları”, “baş qərargah”ı yerləşir, bütün doğuş, artım prosesi elə də orda gedir.
Sumqayıtda it dişləməsi faktı çox baş verir. İl ərzində yüzlərlə belə hal qeydə alınır. Amma yalnız ölüm faktı olduqda bu məsələ gündəmə gəlir. Bir neçə il əvvəl Sumqayıtda, 10-cu mikrorayon ərazisində it dişləməsindən 20 gün sonra 5 yaşlı Zeynəb Mikayılzadə quduzluq nəticəsində vəfat edib.
Mikayılzadə xəstəxanaya yerləşdirilsə də onu xilas etmək olmayıb. Hücum edən it onu üz və alın nahiyəsindən dişləyib. Sahibsiz küçə itləri həm də yoluxucu xəstəliklərin mənbəyidir. Onlar psixoloji olaraq da sakinlərə mənfi təsir edir, insanlarda narahatçılıq doğurur.
Təsadüfi deyil ki, 2 ay əvvəl Azərbaycanda itdən qorxan 13 yaşlı qız öldü .
Hadisə Qubanın İkinci Nügədi kəndində baş verib. Kənd ərazisində it 2009-cu il təvəllüdlü Gültəkin Orucovanın üstünə hücum edib. Hadisə qızın yaşadığı evin həyətində baş verib. Küçə itləri həmin gün həyətə daxil olub.
Həmin hadisə zamanı it qızı qapmasa da, yeniyetmə ağır dərəcədə qorxub. Bildirilir ki, qız bundan sonra gizli xəstəlik keçirib və hadisədən sonra səhhəti kəskin pisləşib. O, əvvəlcə Qubadakı xəstəxanaya çatdırılıb, daha sonra Bakıya gətirilib və ötən gün paytaxtdakı tibb müəssisəsində vəfat edib.
Qeyd edək ki, G.Orucova İkinci Nügədi kənd 1 saylı orta məktəbin 8-ci sinif şagirdi olub.
Gecə vaxtı itlərin səs-küy salaraq hürüşməsi və insanların istirahətini pozması adi hala çevrilib.
Əlbəttə itləri öldürmək də qeyri-insani bir hərəkətdir. Amma Sumqayıtda insan həyatı, əsasən də azyaşlılar üçün real təhlükə mənbəyinə çevrilən sahibsiz itlər zərərsizləşdirilməli, torlar vasitəsi ilə tutulmalı, ərazidən uzaqlaşdırılmalı və sığınacaqlarlarda yerləşdirilməlidir. İcra Hakimiyyəti problemdən xəbərdardır, amma heç bir tədbir görmür,yalnız deyir “tədbir görüləcək”.
Bəzi adamlar səhvən deyirlər ki, küçə itlərinə heçnə etməsən hücum edən deyil,guya zərərsizdirlər.
Lakin ölkədə baş verən yüzlərlə faktlar bunun əksini deyir.
Məsələn, 4 ay əvvəl Abşeron rayonu, Masazır qəsəbəsi, "Qurtuluş 93” Yaşayış Kompleksində 41 yaşlı İnci İsgəndərova sahibsiz itlərin hücumuna məruz qalıb.
Xəsarət alan qadın bir müddət sonra dünyasını dəyişib.
Digər fakt: Göygölün Xasabağı kəndində 84 yaşlı qadını küçə iti parçalayıb . Aldığı xəsarətlərdən qadın xəstəxanada dünyasını dəyişib.
Bu rəsmi faktların heç 1 faizi deyil. Qeyri-rəsmi isə sahibsiz itlərin hücumuna, cırmaqlamasına, dişləməsinə məruz qalanlar dəfələrlə çoxdur.Hansılar ki, tibb müəssisələrinə müraciət etmirlər.
Başqa sözlə heç kim küçədə sahibsiz itlərin hücumundan sığortalanmayıb.
Necə ki, küçə itləri ilə bağlı tədbir görməyən məmurlar da sığortalanmayıblar ki, onlar özləri və yaxınları itlərin hücumuna məruz qalmayacaq.
Təsəvvür edin ki, əgət Sumqayıt şəhərində küçə itləri ilə bağlı vəziyyət belədirsə, görün onun ətrafındakı qəsəbə və kənd tipli yaşayış məskənlərində vəziyyət necədir...
Xüsusilə sübh çağı və axşam saatlarında zibil qutuları olan yerlərdə, qaranlıq dalanlarda gedərkən ehtiyatlı olmaq, uşaqları isə ümumiyyətlə belə yerlərdə tək buraxmamaq lazımdır.
Ekspertlər vətəndaşlara küçə itlərinin olduğu yerlərdən mümkün qədər uzaq durmağı məsləhət görürülər. Amma bu da çıxış yolu deyil.
Sahibsiz itlərlə üzləşən hər bir adam soyuqqanlı davranmasa onların hücumuna məruz qala bilər.
Sahibsiz itlərin məhəllələrin içinə gətirən səbəblər də var.
Problemlərdən biri də zibil qutularının yaşayış binalarının yaxınlığında yerləşdirilməsidir. Günün müxtəlif saatlarında bu qutuların yanında daima çoxsaylı itlərə rast gəlinir. Adətən onlar özlərinə natəmiz ərazilərdə, ictimai iaşə mərkəzlərinin, sallaqxanaların yaxınlığında, ərzaq məhsulları tullantılarının daha çox atıldığı zibilxanalarda məskən salır.
İtlər 6 aydan bir 7-8 bala verir. Heç kim demir ki, sahibsiz itlərin hücumuna qarşı mübarizə üçün onları mütləq güllələmək, öldürmək lazımdır.
Sahibsiz itlərin sayının planlaşdırılmamış artımı sterilləşdirilmə (axtalama) vasitəsilə azaldılmalıdır. Heyvanlar quduzluğa, insan həyatı üçün təhlükəli olan digər xəstəliklərə tutulduqda və ya insanların həyat və sağlamlığı üçün təhlükə yaratdıqda məhv edilirlər.
Quduzluğa qarşı iynə vurulur, axtalanır, qısırlaşdırılır. Daha sonra qulaqlarına birka bağlanır. Bakı şəhərindəki itlərin 50 faizi birkalanıb. Bir sözlə küçə itlərinin sayı tənzimlənməlidir, yoxsa bu surətlə şəhəri itlər tamamailə basacaq.
Sahibsiz heyvanlara qarşı mübarizənin güllələnmə olmadan, yəni humanist prinsiplərlə həyata keçirilməlidir.
Bunun üçün qardaş Türkiyənin, Avropa ölkələrinin təcrübəsindən istifadə etmək lazımdır.
Avropanın şəhərlərinin küçələrində sahibsiz dolaşan heyvanlara rast gəlinmir. Şəhər xidmətləri onların küçələrdən yığışdırılması və sonrakı taleyi ilə bağlı məsələləri operativ şəkildə həll edirlər
Paytaxtda mövcud olan sahibsiz itlərlə bağlı "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzi var ki, sahibsiz itlərlə bağlı müəyyən işlər görür.
Araşdırma nəticəsində Bakıda 1 milyona yaxın sahibsiz küçə itinin olduğu müəyyənləşib.
Müqayisəli hesabla onda Sumqayıtda bəlkə də 100 mindən çox sahibsiz it var.
Mütəxəssislər bildirirlər ki, itlərin, xüsusi ilə sahibsiz itlərin insanları dişləməsi təhlükəlidir. İt dişləməsinə məruz qaldıqda mütləq ixtisaslaşmış və quduzluq əleyhinə vaksin olan tibb müəssisəsinə müraciət edilməlidir. Çünki it dişlədikdən sonra peyvənd vasitələrinin vurulmasının gecikdirilməsi quduzluq əlamətinin yaranmasına səbəb olur. Həmin əlamətin aşkarlanması isə müalicənin gedişini çətinləşdirir.
Qeyd edək ki, quduzluq çox ağır xəstəlik hesab edilir. Heç vaxt öz-özünə sağalmır, vaxtında müalicə aparılmasa, insan ölümünə də səbəb olur. Bu baxımdan ən vacib məsələ quduzluq əleyhinə vaksinin həmin gün və gecikdirilmədən vurulmasıdır.
Sumqayitda hər gün yüzlərlə adam küçə itlərinin hücumuna məruz qalır, itlərin insanları dişləməsi hadisəsi baş verir,amma bunun statistikası aparılmır.
Sumqayıtda böyük təhlükə mənbəyi olan , insanların rahatçılığını pozan sahibsiz küçə itləri üçün sığınacaq yoxdur. Guya ki, sahibsiz itlər tutularaq paytaxtda yerləşən sığınacaqlara yerləşdirilir.
Görünən odur ki, Sumqayıt şəhər Təmizlik Departamenti Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfat Birliyi demək olar ki, heç bir ciddi tədbir görmür. Sumqayıt İcra Hakimiyyəti isə yalnız açıqlama verir ki, tədbir görülür,ya görüləcək.
Bəs tədbir görülürsə niyə problem bir az da kəskinləşib?!
Sumqayitda problemlə birbaşa məşğul olan aidiyyatı qurum da yoxdur.
Digər çıxış yolu kimi Sumqayıtın böyük şəhər olmasını nəzərə alıb standartlara uyğun sığınacaqlar açmaq olardı.
Tural Məmmədov