"Azərbaycan tərəfi səfirliyini haqlı olaraq bağlayıb. Yəni əlində səbəbi var. İran tərəfinin bağlama səbəbi yoxdur. Səbəb kimi İsrail əlaqələrini gətirə bilərlər, ancaq bu çıxış yolu olmaz".
Bu fikirləri Newscenter.az-a siyasi şərhçi Elman Vəliyev İranın da Azərbaycanda səfirliyini bağlayacağı barədə yayılan xəbərlərə münasibət bildirərkən səsləndirib. O bildirib ki, iki tərəf arasında diplomatik kriz yaşanmaqdadır:
"Mən bu krizin müharibə səviyyəsinə gəlməsindən ehtiyat edirəm. Azərbaycan İsrail-İran konfliktinin zərər çəkəni olmamalıdır. Azərbaycan üçün ən faydalı siyasət balans siyasətini qorumaqdır. İran İsrailə kininə görə Azərbaycanı ittiham edir. Bu doğru deyil. İsrail İranla konfliktini Azərbaycanı işə qatmadan həll etməlidir. Əgər İsrail-İran qarşıdurması olacaqsa, bu, Suriya, İraq "geo"sunda olmalıdır".
Elman Vəliyev onu da deyib ki, İran hazırda susqunluq göstərir:
"Bu susqunluğunu pozacaqmı, yoxsa davam etdirəcəkmi? Əsas sual budur. Əgər pozacaqsa, bunu Azərbaycanla ədavətsiz şəkildə düşməninə bildirməlidir".
Anar