Tarif Şurasının qərarı ilə ictimai nəqliyyatda gediş haqqının artırılması cəmiyyətdə heç də birmənalı qarşılanmayıb. Əksəriyyət bu sektorda qiymət artımının insanların sosial durumuna mənfi təsir göstərəcəyini deyir. Eyni zamanda o da vurğulanır ki, ictimai nəqliyyatda xərclər gəlirləri üstələmədiyi üçün qiymət artıməna da gərək yox idi. Elə BAXCP sədrinin müşaviri Azər Qasımov da bu qənaətdədir.
Newscenter.az-ın xəbərinə görə, Azər Qasımov deyib ki, metro və nəqliyyat qiymətlərinin artımını vacib edən heç bir səbəbin olmadığı halda qiymətləri qaldırmaq dələduzluq və möhtəkirlikdir. Onun sözlərinə görə, bu sadə vətəndaşların cibinə girməkdir:
"Keçən dəfə qiymətləri yeni, hər şəraiti olan avtobuslar almaq adı ilə artırdılar ki, yayda və qışda nəqliyyatda hər cür şərait olsun. Amma Sumqayıtda bu əzəldən olmadı. Yayda istidən, qışda soyuqdan əziyyət çəkdi vətəndaş. Amma bütün avtobuslar yeniləndi. Götürülən kreditlər də verildi. İndi avtobuslar illərdir 100% gəlirlə işləyir. Yanacaq qiymətləri də dəyişməyib, əksinə dünya bazarında aşağı düşüb. Böyük ölçüdə Bakıda da eyni durumdur. Belə bir şəraitdə qiymət artırmağın ancaq bir adı var- xalqı soymaq".
Mehman