Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Akademik Zərifə Əliyevanın həyatı və oftalmologiyada nailiyyətləri” mövzusunda tədbir keçirilib

“Akademik Zərifə Əliyevanın həyatı və oftalmologiyada nailiyyətləri” mövzusunda tədbir keçirilib


Ədliyyə Nazirliyinin Akademiyasında “akademik Zərifə Əliyevanın həyatı və oftalmologiyada nailiyyətləri” mövzusunda tədbir keçirildi.

Newscenter.az xəbər verir ki, tədbirdə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini, akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat, tədris və təşkilati-metodik bölmənin rəhbəri, t.ü.f.d. Yazgül Abdıyeva tərəfindən “Dünya şöhrətli alim və zəngin irsi” mövzusunda çıxış oldu.

Yazgül Abdıyeva Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əliyevanın həyat və yaradıcılıq fəaliyyətindən bəhs etdi.

O, görkəmli oftalmoloqun tədqiqatlarından, elmi əsərlərindən söz açdı. Təbabətdə öz dəsti–xətti olan novator alim 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir.

Görkəmli alim uzun illər respublikanın iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparıb. Bu tədqiqatların nəticələri “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarında öz əksini tapıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyevaya keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verilmişdi. O, həmin mükafata layiq görülən ilk qadın alim idi.

Məşhur oftalmoloq M.Krasnov Zərifə xanımın görmə orqanının peşə patologiyasının öyrənilməsinə həsr etdiyi tədqiqatları yüksək qiymətləndirərək qeyd edib ki, Zərifə Əziz qızı yaşasaydı, oftalmologiya elmi sahəsində yeni kamil bir məktəbə rəhbərlik edə bilərdi.

Zərifə xanım Əliyeva bir sıra dərs vəsaiti və monoqrafiyaların müəllifidir: “Kəskin virus konyuktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” və sair. Alimin “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri bu gün də aktuallığını qoruyub saxlayır. O, iridodiaqnostika və iridoterapiya problemləri ilə məşğul olub, bu sahəyə dair iki monoqrafiya hazırlayıb. Dünya miqyasında iridodiaqnostikaya aid kitabları da ilk dəfə Zərifə xanım Əliyeva yazıb.

Görkəmli oftalmoloqun tibbi etika və deontologiyaya dair baxışları onun “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsərində ətraflı əks olunub. Bu əsərdə həkim və xəstənin qarşılıqlı münasibətlərinin həssas məqamları, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolu, tibb işçilərinin yalnız təhsilinin deyil, həm də tərbiyəsinin vacibliyi ön planda verilib.

Bu gün də Zərifə Əliyeva haqqında söhbət düşəndə gözümüz önündə işıqlı bir obraz – əsl Azərbaycan qadınının obrazı canlanır. Onun yaşadığı ömür başdan-başa bir işıq mücəssəməsidir.

Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur mənbəyidir. Amma bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin anasıdır.

Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə artıq biz qalib ölkənin vətəndaşlarıyıq. Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı cənab İlham Əliyev Vətən müharibəsi tarixinə öz adını Qarabağ fatehi kimi yazaraq Prezident, Ordu, Xalq birliyinin sarsılmaz və əbədi olduğunu bir daha sübut etdi.

Mehman
Xəbəri paylaş