“İranın Azərbaycana qarşı məkirli siyasəti müstəqilliyimizin ilk illərindən etibarən davam edir. Birinci Qarabağ savaşında İranın Ermənistana dəstəyi, atəşkəs dövründə Ermənistanı bütün zəruri vasitələrlə təmin etməsi, ən ucuz qiymətə benzin, qaz və s. verməsi faktdır və bunu Ermənistanın da, İranın da rəsmiləri dəfələrlə təsdiq ediblər”.
Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə səsləndirib. Onun sözlərinə görə, indi fərq ondadır ki, əvvəllər Tehran bu əməlləri geniş təbliğ etməyərək, Azərbaycanla müəyyən münasibətlər saxlayaraq edirdisə, indi bunu açıq şəkildə və öz düşmən mövqeyini gizlətməyərək edir:
“Tehranın 44 günlük İkinci Qarabağ müharibəsi dövründə İrəvana hər cür kömək etməyə çalışması, ərazilərini Ermənistana silah tədarükü üçün açdığını yəqin ki, heç kim unutmayıb. İndi də sərhədlərimizdə hərbi təlimlər keçirməklə, hava sərhədimizdə manevrlər etməklə, səfirliyimizə və millət vəkilinə qarşı terror törətməklə, SEPAH generallarının dili ilə təhdidlər yağdırmaqla, eləcə də rəsmi KİV-ləri vasitəsilə Azərbaycana qarşı düşmənçiliklərini açıq şəkildə bəyan edirlər”.
Politoloqun sözlərinə görə, əgər İran həqiqətən də müsəlman dövləti olsaydı ən azından bir müsəlman ölkəsi ilə normal münasibətləri olardı:
“Əgər İran həqiqətən də şiə müsəlmanlarının qeydinə qalsaydı o zaman Ermənistanın yanında olmaz, onun güclənməsi üçün çalışmaz, onun maraqlarını qorumaz əksinə Azərbaycanın yanında olardı”.
Anar