“Azərbaycanda terrorda və cəsusluqda, narkotik ticarətində şübhəli bilinərək saxlanılan şəxslərin guya şiə müsəlmanları olduğu üçün həbs edildiklərini söyləmək həyasızlığın və riyakarlığın göstəricisidir. İranın fars-molla rejimi və rəsmi KİV-i bu cür məlumatları tirajlamaqla faktiki olaraq terroru dəstəklədiklərini ortaya qoymuş olurlar”.
Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə səsləndirib. Onun sözlərinə görə, bu gün İran rejimi İslam pərdəsi altında ölkəmizdə öz çirkin məqsədlərini həyata keçirməyə çalışır. Yusif Bağırzadə diqqətə çatdırıb ki, molla rejiminin təxribatları və atdığı addımlar bunu bir daha təsdiq edir:
“Özünü şiə müsəlmanlarının hamisi kimi göstərməyə çalışan İran əslində öz əməlləri ilə təkcə şiəliyi deyil, bütün İslamı gözdən salır. İran bu gün faktiki olaraq şiəliyi deyil, Xomeyniliyi təbliğ edir və bundan da şiə məzhəbinə mənsub insanların yaşadıqları ölkələrdə təsir gücünü artırmaq üçün istifadə edir. İran rejiminin bu davranışları İslam dəyərlərinə tamamilə ziddir”.
Politoloq deyib ki. əslində terror dövləti olan İrandan başqa bir şey gözləməyə də dəyməz:
“Bu gün kimlərinsə yalnız şiə olduğu üçün həbs olunduğunu iddia etmək o qədər absurddur ki, buna inana biləcək kimisə tapmaq belə mümkün deyil. Sadəcə İslamdan öz siyasi məqsədlərini həyata keçirmək üçün istifadə etməyə alışmış İran Azərbaycanda bir-birinin ardınca həyata keçirilən əməliyyatlar sayəsində cəsus şəbəkəsinin ifşa olumnasını, terror aktları ilə bizi qorxutmağın mümkünsüz olduğunu həzm edə bilmədiyi üçün bu cür axmaq və cəfəng iddialar ortaya qoyur. Məqsəd isə məlumdur. Məqsəd odur ki, kimlərisə bu yolla, guya Azərbaycanda şiələrə qarşı təzyiqlər var bəhanəsi ilə öz tərəfinə çəksin, ayağa qaldırsın və ölkədə qarşıdurma yaratsın. Amma İran unudur ki, əksəriyyəti şiə olan Azərbaycanın inanclı insanları dostun da, düşmənin də kim olduğunu yaxşı bilir və heç bir vaxt İranın bu cür təbliğatına uymayacaqlar”.
Anar