"İran-Azərbaycan münasibətlərində bir müddətdir gərginlik hökm sürür və iki tərəfli əlaqələr o qədər kəskin xarakter alıb ki, Tehran rəhbərliyi ölkəmizi müharibə ilə təhdid etməkdən belə çəkinmir. Təbii ki, ikili münasibətlərin gərginliyini xarakterizə edəcək çox nüans var".
Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. Onun sözlərinə görə, ən birinci məqam 10 Noyabr bəyanatının 9- cu bəndidir ki, hadisələrin düyüm nöktəsi məhz budur:
"Yəni Zəngəzur dəhlizi məsələsi. İran məlum koridorun açılmasını istəmir və bu istiqamətdə həm özü ciddi maneələr yaradır, həm də Ermənistan rəhbərliyinə dəstək verməklə regional sabitliyi təhdid edir. Fars rejimi müharibə ritorikasından çıxış edir və adətən bu tip situasiya bu cür izah olunur.
Birincisi, ya İran öz gücünə çox arxayındır, çox güclüdür və əmindir ki, atdığı addımların ardında dayana bilər və ölkəmizi məcbur edə bilər ki onun istəklərini nəzərə alsın.
İkimcisi, ya da ölkə daxili vəziyyət heç də stabil deyil, hakimiyyət hədəf dəyişdirmək siyasəti həyata keçirməklə narazı kütlənin diqqətini fərqli istiqamətə yönəltmək istəyir".
AVP rəsmisi hesab edir ki, birinci faktor doğru deyil:
"Çünki İran o qədər də güclü dövlət deyil. İkinci məqam isə tamamilə uyğundur. İran hakimiyyəti uzun illərdir ki, özünün yarıtmaz siyasətini pərdələmək və xalqın diqqətini yayındırmaq üçün qonşu dövlətlərlə münasibətləri gərginləşdirir və ağır iqtisadi şəraitdə yaşayan xalqı bu cür aldadır".
Anar