Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Adını tarixə həkk edən ŞƏXSİYYƏT

Adını tarixə həkk edən ŞƏXSİYYƏT


O xalq, o millət xoşbəxtdir ki, onun içindən çıxan lider, öndər təkcə yaşadığı ölkə üçün deyil, bütöv bir coğrafiya, region üçün önəm kəsb edir, ona böyükdən kiçiyə hər kəs etimad göstərir, onu sevir. XX əsrdə bütün bu müsbət keyfiyyətləri özündə əks etdirən şəxs isə heç şübhəsiz ki, ümummilli lider Heydər Əliyev idi. Məhz ümummilli liderin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz və dəyəri qat-qat yüksək olan xidmətləridir ki, aradan illər keçsə belə ümummilli lider bu gün də ən yüksək ehtiram və sayğı ilə anılır, onun xatirəsi Azərbaycan xalqı tərəfindən hər zaman uca tutulur. Mən deyərdim ki, Heydər Əliyev kimi tarixi şəxsiyyətlər 100 ildən bir doğulur, dünyaya gəlir. Tanrı Heydər Əliyev kimi şəxsiyyətləri bütöv bir xalqı, dövləti, milləti xilas etmək üçün dünyaya bəxş edir. Elə bu səbəbdəndir ki, Heydər Əliyev adı tarixə həkk olunmuş şəxslərdən sayılır və bu gün də təkcə Azərbaycan tarixi deyil, eləcə də dünya tarixində onun adı ən ön sıralarda yer alır.

Anadan olmasının 100 illiyi ərəfəsində də bir daha ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərə nəzər yetirir, Onun hansı çətinliklər, yorulmaz fəaliyyət və həyata keçirdiyi düşünülmüş, praqmatik siyasət nəticəsində müstəqil Azərbaycan dövlətini inkişaf etdirdiyini görürük. Bütün bunlara görə mübaliğəsiz qəti şəkildə deyirik ki, bu günkü Azərbaycan dövlətinin əldə etdiyi uğurlar, regionda və qlobal miqyasda artan nüfuzu, dünyada özünəməxus yer tutması Heydər Əliyevin təməlini qoyduğu, müəyyənləşdirdiyi məqsədyönlü siyasətin nəticəsidir.

Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərini əsasən bir neçə mərhələyə bölmək olar. Birinci mərhələ, sovet Azərbaycanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri, Azərbaycanda SSR-nin birinci katibi olduğu illər, ikinci mərhələ ümummilli liderin Moskvada, SSRİ Nazirlər Sovetində çalışdığı illər, üçüncü mərhələ Naxçıvan dövrü və nəhayət müstəqil Azərbaycana rəhbərlik etdiyi illər.

Heydər Əliyevin həyatının bütün dövrləri Azərbaycan xalqı və dövlətinə qulluq etmək baxımından zəngin, diqqət çəkən olub. Ancaq xüsusilə müstəqillik illərindən sonrakı dövr daha çox tədqiq olunmalı, öyrənilməli, gələcək nəsillərə çatdırılmalıdır.

Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi.
1990-cı illərin əvvəllərində ölkədə yaranmış xaos, Azərbaycanın parçalanması təhlükəsi hamı kimi Heydər Əliyevi də ciddi narahat edirdi.

Düzdür, Heydər Əliyevin heç də hakimiyyətə gəlmək, dövlət idarəetməsində mühüm yer tutmaq kimi bir fikri, niyyəti yox idi. Ancaq eyni zamanda ölkənin parçalanmaq təhlükəsi ümummilli lideri rahat buraxmırdı. Beləliklə, xalqın təkidli tələbi və Bakıdan Naxçıvana edilən davamlı zənglər, göndərilən nümayəndə heyətləri nəhayət ki, Heydər Əliyevi Bakıya qayıtmağa məcbur etdi və ölkədə qardaş qırğınının getdiyi bir ərəfədə Bakıya qayıdan ümummilli lider qısa bir müddətdə Azərbaycanda sabitliyi bərpa etməyə nail oldu. Məhz bu xidmətlərinə görə, 1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyirdi: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.

1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bildi, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etdi və onun həyata keçirilməsi üçün mühüm addımlar atdı. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar olundu.

Heydər Əliyev ölkədə siyasi sabitliyi bərqərar etməklə yanaşı, Azərbaycanın iqtisadi sahədə də inkişaf etdirilməsi istiqamətində də çalışır, ən ümdə olan xarici sərmayədarların Azərbaycana cəlb edilməsinə cəhd göstərirdi. Artıq siyasi cəhətdən sabit olan Azərbaycana xarici investorlar da maraq göstərirdi. Məhz 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması və xarici investorların bu müqavilədə yer alması ümummilli liderin gərgin əməyinin nəticəsi idi. İctimai Birlik sədrinin sözlərinə görə, iqtisadi müstəqillik və “Əsrin müqaviləsi”. Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının qurulması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi prioritet sahələr oldu: “1994-cü ilin 20 sentyabr tarixində “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsi imzalandı. Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında bağlanmış “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil oldu. Həmin müqavilə daha sonra 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdı. Müqavilənin gerçəkləşdirilməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

Heydər Əliyev neft strategiyasının əsas mənasını Azərbaycanın zəngin təbii sərvətlərindən xalqın rifahı naminə daha da səmərəli istifadə etməkdə görürdü: Azərbaycanın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq neft müqaviləsi ölkə iqtisadiyyatının dinamik inkişafının əsasını qoymuşdur və bu gün onun praktiki nəticələri göz qabağındadır. Ölkənin dayanıqlı inkişafının əsasını təşkil edən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi. Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edildi.

Bu gün hər birimizin fərəhlə, qürur hissi ilə dilə gətirdiyi, söylədiyi Tarixi Zəfər, 44 günlük Vətən müharibəsindəki qələbəmizin, torpaqlarımızın erməni işğalından azad edilməsinin də bünövrəsinin məhz Ulu Öndərin həyata keçirdiyi uğurlu ordu quruculuğu siyasəti ilə qoyulduğunu mübaliğəsiz olaraq söyləyə bilərik. Məhz sovetlərin zamanında Heydər Əliyevin sayəsində Bakıda fəaliyyətə başlayan hərbi liseyin hazırladığı kadrların sayəsində biz 44 günlük müharibə zamanı erməni işğalı altında olan ərazilərimizdə ard-arda bayrağımızı dalğalandıra bildik.

Ulu Öndər Heydər Əliyevin hələ sovet dönənimdə 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Müstəqilliyin ilk illərində mövcud olan ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr Ali Baş Komandan Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ləğv edilmiş, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görülmüş, orduda kütləvi fərarilik hallarına son qoyulmuş, hərbi intizam möhkəmləndirilmişdir. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında Fərman imzalamışdır. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşdırılması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. 2001-ci il 20 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmış və bununla həmin təhsil ocaqlarının respublika üzrə hərbi təhsil müəssisələri sistemində statusu yüksəldilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.

Bütün bu sadaladığımız amillərdən, həyata keçirlən işlər və Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən dolayıdır ki, qədirbilən xalqımız Ulu Öndəri hər zaman ehtiramla anır, ona öz dərin sevgi və məhəbbətini izhar edir.

Arzuman Muradlı-“Milli İnkişaf” İctimai Birliyinin sədri
Xəbəri paylaş