Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çirkin əməllərindən əl çəkməyən İran

Çirkin əməllərindən əl çəkməyən İran


"Azərbaycanın İrandakı səfirliyinin və Təbriz şəhərindəki Baş Konsulluğunun əməkdaşlarının İran tərəfindən persona non grata elan olunması ucuz qisasçılıq məqsədi daşıyır və bu fakt üzrə digər hər hansı izahat yol verilməzdir. Sirr deyil ki, ölkəmizdəki İran şəbəkəsinin çökdürülməsi, Azərbaycan əhalisinin düşüncəsində İranın müsəlman dövləti olaraq nüfuzunun kəskin aşağı düşməsi, habelə Bakının Tehranın qəbul etmək istəmədiyi müttəfiqliklərini daha da gücləndirməsi fonunda İran özünün başladığı “soyuq müharibə”də Bakıya rüsvayçı formada məğlub oldu".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkili qeyd edib ki, çirkin əməllərindən əl çəkməyən İranın ölkəmizdəki səfirliyinin 4 əməkdaşı diplomatik statusa uyğun olmayan və "Diplomatik Əlaqələr haqqında" 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən konkret əməllərinə görə Azərbaycan tərəfindən arzuolunmaz şəxs elan edilərək ölkədən qovuldu:

"Həmin diplomatlarla bağlı Azərbaycanın əlində Azərbaycan xalqının mənafelərini hədəfə alan təkzibolunmaz dəlillər var idi. Bəs bizim 4 diplomatı arzuolunmaz şəxs elan edən İranın əlində hansı faktlar var? Təbii ki, heç nə. Əgər Azərbaycanın İrandakı səfirliyinin və Təbriz şəhərindəki Baş Konsulluğunun əməkdaşlarının əməllərində Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən hər hansı pozuntu əlamətləri olsaydı Tehran bunu çoxdan car çəkərdi. Bu mənada İranın cari həmləsi cavab xatirinə atılan addımdır və Azərbaycan XİN-in yaydığı kimi, "bir sıra problemlərin mövcud olduğu ikitərəfli münasibətlərə xələl gətirir". Biz təbii ki, mövcud situasiyadan məmnun deyilik, lakin İranla münasibətlərin bu həddə çatması cənab Prezidentin də dediyi kimi, "bizim seçimimiz deyildi".

Millət vəkili hesab edir ki, onsuz da çətin durumda olan Tehran Azərbaycanın gücünü və əhəmiyyətini doğru qiymətləndirməməklə əslində özünü daha çətin duruma salacağının fərqinə varmalı, Bakı ilə ritorikasında çox diqqətli olmalıdır:

"İran anlamalıdır ki, qarşısında 90-cı illərin zəif Azərbaycanı yox, bölgədə diqtə edən, əməkdaşlığı hədsiz fayda gətirən Azərbaycan var və münasibətlərin normallaşması Bakıdan çox İranın özünə lazımdır. Cənab İlham Əliyevin dünən Şuşadan bəyan etdiyi kimi, "İranda hər kəs, bütün dairələr nəhayət anlamalıdır ki, hədə və terror dili Azərbaycanla işləməyəcək. Onlar bunu nə qədər tez anlasalar, biz normallaşma əlamətlərini bir o qədər tez görə bilərik”.

Anar
Xəbəri paylaş