
Paytaxt və regionlarda bir sıra market və digər ticarət mərkəzləri var ki, həmin obyektlərdə satılan əksər məhsulların üzərində onun qiyməti qeyd edilmir. Bəzi alıcıları mağaza sahibindən məhsulun üzərinə qiymətin yazılmasını tələb etsə də, lakin əksər hallarda qarşı tərəf alıcının tələbini qulaq ardına vurur. Bəs, görəsən bu məsələ qanunda necə öz əksini tapır?
Newscenter.az-a Ödənişsiz Hüquqi Yardım Xidmətindən bildirilib ki, satışa daxil olmuş bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə dəqiq tərtib edilmiş qiymət kağızı, qiymət kağızının arxa tərəfindən isə mütləq, maddi-məsul şəxsin imzası və onun doldurulma tarixi olmalıdır:
"İstehsalçı (icraçı) malın həmçinin komplektləşdirici məmulatların qanunvericilikdə nəzərdə tutulan zəmanət müddəti ərzində, bu müddətlərin olmadığı hallarda isə müqavilə ilə müəyyənləşdirilmiş qaydada normal işini (tətbiqini və istifadəsini) təmin edir. İstehlakçı satıcı (istehsalçı, icraçı) qarşısında zəmanət müddəti müəyyən edilməmiş mallarda aşkar olunmuş qüsurlar barədə, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 589.2-ci maddəsi ilə müəyyən edilmiş 2 il və daha uzun müddətdən gec olmamaq şərti ilə öz tələblərini irəli sürmək hüququna malikdir".
Xidmətdən o da bildirilib ki, satıcı mal haqqında istehlakçıya bir sıra məlumatları verməyə borcludur:
"Satıcı (icraçı) istehlakçını maraqlandıran malın qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməyə borcludur.
Satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına və ya istifadə etməsinə səbəb olmuşdursa, onun müqaviləni ləğv etmək hüququ vardır".
İnqilab











































