
"Vaşinqtonda əgər sülh müqaviləsi ilə bağlı tam razılıq əldə olunsaydı belə, indiki vəziyyətdə bunun açıqlanması gərginliyi artıra bilərdi. Çünki Moskvanın bu məsələyə imkan verməsi bir o qədər inandırıcı görünmür. Ortada üçtərəfli bəyannamələr var və Rusiya rəsmiləri hər dəfə buna əsaslanaraq kənar razılaşmaları istisna etməyə çalışırlar.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Vüqar Əhmədov səsləndirib. Onun sözlərinə görə, əgər hətta Ermənistanla Azərbaycan arasında sülh danışıqlarında tam razılıq əldə olunmasa belə, Vaşinqtonun vasitəçiliyi ilə mütləq hansısa bir çərçivə sazişi və sənəd imzalanmalıdır:
"Bu gələcəkdə Vaşinqtonun vasitəçiliyi ilə tərəflərə hansısa mənbələrə əsaslanmağa və daha qətiyyətli manevr etməyə imkan verəcək. Yaxşı haldır ki, Praqada bu istiqamətdə müəyyən razılıq əldə oldu, Ermənistan ərazilərimizin bütövlüyünü tanıdı. Lakin bir reallıq var ki, hələ də Moskvanın vasitəçiliyi ilə 10 noyabr bəyannaməsinə bənzər alternativ bir sənədi və ya müqaviləni Qərb ortaya qoymağa müvəffəq olmayıb. Ona görə hesab edirəm ki, əgər tərəflər prosesin daha çox Qərbin vasitəçiliyi ilə aparılmasının tərəfdarıdılarsa və bu platformada daha çox perspektiv görürlərsə, Qərbin vasitəçiliyi ilə tam razılıq olmasa belə hər hansısa çərçivə sazişi və yaxud buna bənzər bir sənədi imzalamaqda fayda ola bilər".
Vüqar Əhmədov hesab edir ki, Moskvanın bu məsələyə müsbət yanaşmasına baxıb baxmamasından aslı olmayaraq belə bir addım atıla bilər:
"Çünki onsuz da bu günə kimi 10 Noyabr sazişinə əsasən Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlarda da hansısa bir real razılıq əldə olunmayıb".
Anar











































