"Türkiyədəki seçkilərlə bağlı maraq doğuran bir məqam da Azərbaycanla sərhəddə yerləşən və Azərbaycan Türklərinin də yaşadığı Iğdırda və Qarsdakı durumdur".
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Əmrah Cəfərovun sözlərinə görə, Iğdır 2 millət vəkili çıxara bilir:
"2018-ci ildə bir yer MHP-nin, bir yer isə HDP-nin olub. Yeni seçki sistemində də ya eyni nəticənin olacağı, ya da hər iki yeri də HDP (YSP)-nin götürəcəyi ehtimalı var. Kars isə 3 millət vəkili çıxara bilir və 2018-də 2-si AKP-nin, biri isə HDP-nin olub. Bu seçkilərdə də yerlərin iki partiyanın arasında bölünəcəyi gözlənilsə də, 3-cü yeri CHP-nin qazanması da bir ehtimaldır".
Politoloq qeyd edib ki, nə iqtidardakı Cümhur İttifaqı, nə də ana müxalifət olan Millət İttifaqı bu iki bölgədə parlament seçkiləri üçün öz daxillərində əməkdaşlığa getməyiblər:
"Bu da əsasən HDP (YSP)-nin mövqelərini gücləndirir. Xüsusilə də Millət İttifaqının tək siyahı çıxardığı 16 bölgə arasında Kars və Iğdırın olmaması İttifaqın onsuz da bölgədə aşağı olan şansını daha da endirib. Yalnız əslən həmin bölgədən prezidentliyə namizəd çıxaran Zəfər Partiyası özlərinin deyimi ilə, Türk səslərini bölməmək üçün həmin iki bölgədən parlament seçkiləri üçün namizəd çıxarmayıblar".
Əmrah Cəfərov diqqətə çatdırıb ki, prezident seçkilərində əslən iğdırlı Sinan Oğanın bu iki bölgədə başqa yerlərə nisbətən daha yüksək səs toplayacağı gözlənilir:
2Amma ümumi mənzərənin Kars və Iğdırda Kılıçdaroğlunun xeyrinə olması ehtimalı yüksəkdir".
Anar Əliyev