“2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində Şuşada türk dövlətlərinin nüfuzlu ali təhsil müəssisələrinin rəhbərlərinin görüşünün keçirilməsi məqsədəuyğun olardı”.
Bu fikirləri Newscenter.az-a “Təhsil və Maarifləndirmə” İctimai Birliyinin sədri Ruhiyyə Mehdiyeva səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, Şuşada belə bir toplantının keçirilməsi “Şuşa 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” tədbirlərinə ən böyük töhfə olar:
“Düzdür, Türk Dövlətləri Təşkilatı çərçivəsində bu istiqamətdə əməkdaşlıq edilir və Azərbaycanın ali təhsil müəssisələrinin türk coğrafiyasında mövcud olan ayrı-ayrı nüfuzlu universitetlərlə əlaqələri, əməkdaşlığı var. Bu əməkdaşlığı daha da inkişaf etdirmək, çoxtərəfli hala gətirmək üçün əlavə tədbirlərin həyata keçirilməsinə ehtiyac var”.
Ruhiyyə Mehdiyeva deyib ki, uzun illərdir türk dünyasının ortaq universitetinin yaradılması kimi fikirlər səslənir, lakin hələlik reallaşmır:
“Düşünürəm ki, Şuşa görüşündə bu barədə ümumi razılıq əldə edilə bilər. Hətta Azərbaycan dövləti həmin universitetin Şuşada fəaliyyətə başlamasında da maraqlı olar”.
Arzu Abdulova