"14 mayda Brüsseldə keçirilmiş görüşün nəticələrini Azərbaycan üçün uğurlu saymaq olar". Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, Azərbaycan tərəfi olaraq biz tezliklə delimitasiya və demarkasiya məsələlərinin həll olunmasında, erməni əsilli vətəndaşların inteqrasiya prosesinin sürətləndirilməsində maraqlıyıq:
"Bizim indiyə qədər olan danışıqlarda da əsas tələblərimiz Azərbaycanın ərazi bütövlüyünün tanınmasından, ərazilərimizdən erməni hərbi brləşmələrinin çıxarılmasından, o cümlədən də işğal altında olan kəndlərimizin, Qazaxın 7 və Naxçıvanın 1 kəndinin geri qaytarılmasından ibarət olub. Bu baxımdan son Brüssel görüşündə əldə edilən razılaşmalar bizim tələblərimizin böyük ölçüdə qəbul olunduğunu göstərir".
Politoloq daha sonra fikirlərinə belə davam edib:
"Belə ki, açıqlanan məlumatlara görə Ermənistan 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə uyğun olaraq Azərbaycanın 86,6 min kvadrat kilometrlik ərazisinin toxunulmazlığına birmənalı olaraq qəbul edib. Bu o deməkdir ki, Ermənistan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkib hissəsi olduğunu və o cümlədən də həmin 8 kəndin geri qaytarılmasının vacibliyini qəbul edib. Bu həm də o deməkdir ki, məlum 86.6 min kvadrat kilometr ərazi çərçivəsində sərhədlərin delimitasiya və demorkasiyası işlərinə də başlanıla bilər".
Yusif Bağırzadə deyib ki, görüşdə yadda qalan məqamlardan biri də regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində müzakirələrdə irəliləyişə nail olunması ilə bağlıdır:
"Avropa İttifaqının prezidenti Şarl Mişelin verdiyi açıqlamadan məlum olur ki, bu mövzuda xüsusilə də Naxçıvana və əks istiqamətdə dəmir yolu əlaqəsinin bərpasına dair mövqelər olduqca yaxınlaşıb. Dəmir yolu əlaqələrinin bərpası ilə bağlı modallıqları və konkret qrafik üzrə zəruri inşaat işlərini özündə ehtiva edəcək ümumi razılaşmanın yekunlaşdırılmasına dair müvafiq heyətlərə təlimatlar verilib. Digər vacib məqam hər iki tərəfdə əsirlikdə olan şəxslərin azad edilməsi ilə bağlı işlərin sürətləndirilməsi ilə bağlıdır. Xüsusilə də yolunu azaraq, bilməyərəkdən qarşı tərəfə keçən əsgərlərin sürətli prosedur vasitəsilə azad olunmalarına dair qarşılıqlı razılaşmanın olması uğurlu nəticədir. Görüşdə həmçinin itkin düşmüş şəxslərin aqibəti məsələsi də müzakirə olunub. Birinci Qarabağ müharibəsində itkin düşən azərbaycanlıların aqibətinin müəyyən olunması bizim üçün hər zaman prioritet təşkil edib və indi bu məsələnin də növbəti dəfə müzakirə olunması həm erməni əsirliyində olan iki əsgərimizin geri qaytarılması ilə bağlı, həm də itkin düşmüş insanlarımızın aqibəti ilə bağlı Ermənistana təzyiq imkanlarımızı artıracaq. Göründüyü kimi 14 may görüşündə əldə olunan razılşamalar Azərbaycanın maraqlarına tam cavab verir".
Mehman Mehdiyev