Məlum olduğu kimi Türkiyədə prezident seçkilərinin ikinci turunun keçirilməsi artıq rəsmi təsdiqini tapıb.Parlament seçkiləri isə artıq başa çatıb. Hakim partiya AKP və müttəfiqi olan MHP, birlikdə parlament yerlərinin yarıdan çoxuna sahib oldular.
Seçkinin nəticələrini təhlil edən siyasi ekspert Çingiz Şahbazi Newscenter.az-a bildirib ki, bütün bunlar 20 il hakimiyyəti tək başına idarə etməsinə rəğmən, Ərdoğanın apardığı siyasətin Türkiyə cəmiyyətində bəyənildiyini və rəğbətlə qarşılandığını göstərir:
"Hörmətli Ərdoğanın rəhbərlik etdiyi AKP-nin parlament seçkilərində qalibiyyəti və prezident seçkilərində cüzi olaraq bir faizin altında ikinci tura, birinci turun qalibi kimi çıxması və nəzərə alsaq ki, ikinci turda sadə səs çoxluğu ilə qalibin müəyyən edilməsi imkanları vardır, bütün bunlar Ərdoğanın ikinci turda çətinlik çəkmədən qalib gəlməsinə heç bir maneənin olmadığını göstərməkdədir. Bu sadaladığım əsas səbəblərdən əlavə həmçinin, əks düşərgədə baş verən bəzi nüanslar da ikinci turda Ərdoğanın seçilməsinə imkan yaradır".
Ekspert deyib ki, "Millət İttifaqı" siyasi bloku bir çox əks istiqamətdə siyasət yürüdən partiyaların birlikdə fəaliyyət göstərmələrini özündə əks etdirir:
"Əslində olmayan bir şeyi, oldurublar desək yanılmarıq. Bunun da açıq və gizli şəkildə yaradılmış siyasi bloka fəsadları vardır. Bunlar hamısı birlikdə əsas verir ki deyək, mayın 28-də keçirilməsi nəzərdə tutulan prezident seçkilərinin ikinci turu, "Millət İttifaqı"nın birinci turda qazandığı səslərin azalacağına səbəb olacağının göstəricisidir".
Çingiz Şahbazi onu da deyib ki, Ərdoğanın yenidən prezident seçilmə şansı bəzi dairələrdə və insanlarda aşırı dərəcədə aqressiv davranışlara yol açdı:
"Dini və irqi olaraq kültür ayrıseçkiliyinə yol açan düşmənçilik zəminində çağırışlar və cəmiyyətin istənilən təbəqəsi üçün sivil və mədəni qaydada seçim hüququndan istifadə etməsi zamanı, onu təbəqələşmə ilə üz-üzə qoyma çabalarının olduğuna şahidlik etdik. Xüsusilə də bu kimi hallar sosial şəbəkələrdə daha çox özünü göstərdi. Hansı ki bütün bunlar, Ərdoğana səs vermiş 30 milyon türk seçicisinə və vətəndaşına qarşı hörmətsizlikdir və qeyri etik davranışlardır".
Mehman