"Ermənistanın Azərbaycanla münasibətləri normallaşdırmaq və sülh müqaviləsinin imzalanmasını yubatmasının arxasında Türkiyə faktoru dayanır". Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb.
Newscenter.az-a daxil olan açıqlamada bildirilib ki, Ermənistan Türkiyədəki prezident seçkilərinin nəticələrindən asılı olaraq Azərbaycanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanmasına qərar verəcək:
"İrəvan ümid edir ki, Türkiyədə prezident seçkilərində Azərbaycana qarşı o qədər də isti mövqeyi olmayan CHP sədri Kamal Kılıçdaroğlu qələbə qazanacaq. Ərdoğan komandasının hakimiyyətdən getməsi ilə Azərbaycan bir qədər çətin vəziyyətə düşəcək. Kamal Kılıçdaroğlunun açıqlamalarından belə aydın olur ki, o prezident seçiləcəyi təqdirdə Azərbaycana sıradan bir ölkə kimi baxacaq. Bu vəziyyətdən istifadə edən Ermənistan isə yenidən Azərbaycana qarşı aqressiyanı davam etdirəcək".
Analitik Qrup hesab edir ki, müntəzəm olaraq ermənilər tərəfindən törədilən təxribatlar, ikitərəfli görüşlərdə əldə edilən ümumi razılaşmalardan fərqli olaraq görüş başa çatdıqdan dərhal sonra yol verilən fikir dəyişikliyinin də kökündə məhz Türkiyədəki seçkilərə qədər vaxt qazanmaq dayanır.
Anar Əliyev