"Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı ilə Azərbaycan və Ermənistan liderlərinin sayca 5-ci Brüssel görüşünü müsbətə doğru atılmış addım kimi qiymətləndirmək olar".
Bu fikirləri Newscenter.az-a səsləndirən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib ki, danışıqların gündəliyini ikitərəfli əlaqələrin normallaşması, kommunikasiyaların bərpası və yekun sülh müqaviləsi məsələləri formalaşdırdı:
"Düzdür görüş zamanı uzun müddətdir gözlənilən sülh müqaviləsi imzalanmadı, lakin hər iki tərəf ərazi bütövlüklərini tanıdı və bu faktor özlüyündə davamlı sülhün əldə olunmasının mühüm şərtlərindəndir. Təbii ki, prosesin uzanmasının yeganə səbəbkarı rəsmi İrəvandır və keçirilməsi planlanan istənilən görüşdən öncə qarşı tərəf müəyyən təxribatlar törədir, danışıqlardan yayınmaq istəyir. Bu isə ona dəlalət edir ki, Hayastan rəhbərliyi müstəqil siyasi qərarlar verə bilmir və regionda maraqları olan qüvvələrin iradəsindən kənar addımlar atmır. Son olaraq Rusiyanın təsiri ilə Zod istiqamətində yaşanan gərginliyi nümunə göstərmək olar".
AVP rəsmisinin sözlərinə görə, billinən reallıq budur ki, indiki məqamda rəsmi Paris və Moskvanın Ermənistan üzərində hakim olan siyasi və hərbi təsiri Azərbaycanla münasibətləri normallaşdırmağa mane olur:
"Lakin baş verən insidentlər, lokal hərbi toqquşmalar fonunda Azərbaycan rəhbərliyinin soyuqqanlı davranış sərgiləməsi və ordumuzun peşəkarlığı Ermənistanı danışıqlar masasına əyləşməyə məcbur edir".
Anar Əliyev