Sertifikatlaşdırma prosesi ilə bağlı növbəti görüş Qaradağ, Xətai və Nizami rayonları üzrə ümumi təhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat müəllimlərini əhatə edib.
Newscenter.az xəbər verir ki, paytaxtdakı 276 nömrəli tam orta məktəbdə keçirilən görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsilin təşkili sektorunun müdiri Fuad Babayev, Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru Minarə Fərzəliyeva, TDM-in Azərbaycan dili fənni üzrə metodisti Günel Bayramova və müəllimlər iştirak ediblər.
Görüşdə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin keyfiyyət göstəricilərinə, həmçinin sertifikasiya nəticəsinin təhsilverənlərin karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirləri və digər məsələlər barədə danışılıb. Sertifikatlaşdırmanın mərhələləri, məzmunu ilə bağlı fikirlər səslənib, müəllimlər üçün əlavə dəstək tədbirləri və digər məsələlər haqqında məlumat verilib.
Həmçinin təhsilverənlərin sertifikatlaşdırılma prosesi üçün nəzərdə tutulmuş qiymətləndirmə çərçivəsi, metodika və pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzular barədə iştirakçılar məlumatlandırılıb, nümunə test tapşırıqları izah edilib.
Görüşdə çərçivə sənədinə dair müvafiq fənlər üzrə təqdimatlar dinlənilib, imtahanın təşkili qaydaları ilə bağlı müəllimləri maraqlandıran suallar cavablandırılıb.
R.Mehdiyeva