Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tehran Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına hər vasitə ilə mane olmağa çalışacaq

Tehran Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına hər vasitə ilə mane olmağa çalışacaq


İran mediasında tez-tez Azərbaycan əleyhinə qalmaqallı açıqlamaları, ermənipərəst fikirləri ilə gündəmə gələn qatı paniranist alim, Tehranın "Əllamə Təbatəbayi” Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Ehsan Movəhhediyan ötən gün yenə də anti-Azərbaycan fikirlər səsləndirib. Belə ki, E.Movəhhediyan “İran diplomatiyası” saytında dərc olunan "analitik" şərhində Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşünün nəticələri barədə ağlına gələni danışıb.

O, bildirib ki, "Qarabağın tam şəkildə Azərbaycana qaytarılması Rusiya və İranın mövqelərini zəiflədəcək. Bu, xüsusilə də Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmağa hazır olması barədə xəbərlər fonunda İran sərhədlərində İsrail, Türkiyə və NATO-nu gücləndirəcək. Ermənistanın Naxçıvan Muxtar Respublikasının Azərbaycanla dəmir yolu əlaqəsinin bərpasına razılıq verməsi Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinə gətirib çıxaracaq və bundan sonra Zəngəzur vilayətinin işğalı baş tutacaq”.

Gördüyünüz kimi iranlı professorun bu sayıqlamaları və "öncəgörmə"ləri tipik erməni əhval-ruhiyyəlidir. 44 günlük İkinci Qarabağ müharibəsinin Azərbaycanın Qələbəsi ilə başa çatmasından sonra istər İran rəsmilərinin, istərsə də iranlı ekspertlərinin mövqelərinin Ermənistanın mövqeyi ilə üst-üstə düşməsi faktları artıq adi hala çevrilib. Ehsan Movəhhediyan kimi fars şovinistləri Qarabağ və Zəngəzura dair fikirlərində az qala ermənilərdən çox ermənilik etməyə səy göstərirlər.

Bu cür təxribatçı "ekspert"lərin erməni təəssübkeşliyinin, canfəşanlığının məqsədi bəllidir. Onların əsas dərdi heç də ermənilərin qayğısına qalmaq deyil. İranın diplomatik strukturlarına və xüsusi-xidmət orqanlarına bağlı olan bu cür "ekspert"lər əslində molla rejiminin Ermənistan üzərindən geosiyasi planlarının ictimailəşdirilməsinə xidmət edirlər. Bu isə bizə molla rejiminin Azərbaycana qarşı xain niyyətlərindən, gerçək mövqeyindən xəbər tutmağımıza imkan verir. Görünən budur ki, rəsmi Tehran Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına hər vasitə ilə mane olmağa çalışacaq.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş